ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

QƏDİM DÜNYA VƏ ORTA ƏSRLƏR TARİXİ


Qədim dünya və orta əsrlər tarixi kafedrasının əsası 1919-cu ildə qoyulmuşdur. 1922-ci il­dən ayrı-ayrılıqda Qə­dim tarix və Orta əsr­lər tarixi kafedraları kimi fəaliyyətə baş­lamışdır. Sonralar Ümumi tarix kafedrasının tər­kibində fəaliyyət gös­­tərmişdir. 1980-ci il­dən müstəqil Qə­dim dün­ya və orta əsrlər tarixi kafedrası kimi fəaliyyət gös­tərir.

Ölkədə Qədim dünya tarixi və Orta əsrlər tarixi fənlə­ri­nin tədrisi, eyni za­manda, həmin dövr­lərin tarixinin araş­dırılması sahə­sin­də apa­rıcı ka­fedradır. Kafedra­nın təşək­külündə ta­­nın­mış Azərbaycan alimləri – professorlar Ədhəm Şahmalıyev və Mehdi İrəvanski mühüm rol oynamışlar. Ayrı-ayrı dövrlərdə kafedranın fəaliyyətində Pyotr Fridolin, Əlisöhbət Sumbatzadə, Məlik Orucov, Yusif Həsənov və başqa görkəmli alimlər yaxından iştirak etmişlər.

Hazırda kafedraya Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov rəhbərlik edir. Kafedrada professorlar AMEA-nın müxbir üzvü Y.M.Mahmudov, Əmrah Dadaşov, do­sentlər Dilarə Həsənzadə, Yeganə Gözəlova, Röv­şən Muğanlinski, Fəridə Əliyeva, Elvira Lə­tifova, baş müəllimlər Nazilə Məmmədova, Sevinc Zeynalova, Saleh Kazımov və 2 nəfərdən ibarət tədris-köməkçi heyət – Rəna Şahbazova, Sayad Əyyubova çalışır.

Kafedranın əməkdaşları Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu, Qədim Azərbaycanın Şərq ölkələri və Antik dünya ilə diplomatik münasibətlər tarixində yeri və rolu problemləri üzərində elmi-tədqiqat işləri aparırlar. Kafedrada Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan problemi üzrə elmi məktəb formalaşmışdır. Məktəbə prof. Y.M.Mahmudov başçılıq edir.

Kafedra əməkdaşlarının müxtəlif illərdə «Azər­baycan tarixində Heydər Əliyev şəx­­siy­yəti»; «Azər­bay­can diplomatiyası (XV-XVII əsr­lər)» (Y.M.Mahmudov); «XVI əsrin birinci ya­rı­sın­da İngiltə­rə­nin Şərq siyasəti» (B.Ə.Əh­mə­dov); «Azər­baycan əra­zi­­sində paleometal döv­­ründə əkin­çi­lik-maldarlıq mədəniy­yə­­ti», «Azərbaycan ərazisində paleo­me­tal dövrü cəmiy­yə­tinin iqtisadiyyatı» (Ə.N.Dadaşov); «XV-XVI əsrlər Azərbaycan dövlətləri ingilis tarixşünaslığında» (R.A.Muğanlinski) və s. monoqrafiyaları nəşr olunmuşdur: Kafedra bakalavr pilləsində 9, magistr pilləsində 7 fənni tədris edir.

Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi

 

Tədris olunan fənlər:

Qədim dünya tarixi

Qədim dünya tarixi bəşər tarixinin çox əhəmiyyətli bir mərhələsini təşkil edir. Bu dövrdə dünya tarixində sinifli cəmiyyətlərin təşəkkülü, ilk şəhərlərin və dövlətlərin yaranması baş verir. Qədim dünya tarixi – qədim Şərqin, Yunanıstanın və Romanın quldar cəmiyyətlərinin tarixidir. Tədris olunan kurs da Qədim Şərq və Antik tarix (Qədim Yunanıstan və Qədim Roma tarixi) olaraq ayrıca keçilir.

Fənnin tədrisində başlıca məqsəd tələbədə Şərqin, Yunanıstanın və Romanın qədim dövlətləri haqqında anlayışı formalaşdırmaq, dövlətin təşəkkülü qanunauyğunluqlarını öyrətmək, qədim Şərqin və antik dünyanın quldar cəmiyyətlərinin özünəməxsusluqlarını təhlil etmək qabiliyyətinin yaradılmasıdır. Tarixçi tələbə bu cəmiyyətlərin sosial-iqtisadi və mədəni inkişaf xüsusiyyətlərinin mahiyyətini anlamalı, həmçinin, bu cəmiyyətlərin sonrakı tarixi inkişafa təsirini müəyyən etməlidir.

Qədim dünya tarixi fənni ali məktəblərdə tədris olunan ümumdünya tarixinin tərkib hissəsidir. Fənn e.ə. IV minillikdən eramızın 476-cı ilinədək olan dövrü əhatə edir. Fənnin tədrisi geidişində qədim Şərqin və antik dünyanın məlum dövlətlərinin qədim Azərbaycan dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin də tarixinə xüsusi yer ayrılır.

Fənnin qiymətləndirilmə metodu – yazılı imtahandır.

 

Orta əsrlər tarixi

Orta əsrlər tarixi dünya tarixinin böyük və əhəmiyyətli dövrünü əhatə edir. Bu dövr insan cəmiyyətinin inkişafı tarixində mühüm mərhələ olub həm Şərq, həm Avropa sivilizasiyaları üçün ümumi və özünəməxsus cəhətlərə malikdir. Orta əsrlər əksər xalqaların formalaşdığı və dövlətlərin etnik və siyasi xəritəsinin cızıldığı, feodal şəhərlərinin sənətkarlıq və ticarət mərkəzləri kimi çiçəkləndiyi, dünya dinlərinin yarandığı, böyük sosial hərəkatların baş verdiyi bir dövrdür. Orta əsrlər həm də Humanizm və İntibah dövrüdür. Bu səbəbdən, “Orta əsrlər tarixi” fənninin tədrisi elmi və praktik əhəmiyyət kəsb edir.

Fənnin tədrisində başlıca məqsəd tələbələrdə Avropanın orta əsrlər tarixinin başlıca problemləri – Xalqların Böyük köçü, feodalizmin təşəkkülü, orta əsr şəhəri, xaç yürüşləri, Avropada mərkəzləşmiş dövlətlərin yaranması, Böyük Coğrafi Kəşflər, müstəmləkəçilik, Avropa cəmiyyətində kapitalizm ünsürlərinin meydana gəlməsi xüsusiyyətləri haqqında ümumi baxış yaratmaq, tələbənin diqqətini adı çəkilən məsələlərin əsas aspektlərinə yönəltməkdir. Tarixçi tələbə Avropanın orta əsr cəmiyyətlərinin siyasi, sosial-iqtisadi və mədəni inkişaf xüsusiyyətlərini dərk etməli və onları sinxron dövrdəki Şərq cəmiyyətləri ilə müqayisədə öyrənməlidir.

Fənnin tədrisi orta əsrlər tarixinin dövrləşməsinə müvafiq olaraq iki hissədə tədris edilir: 1) erkən və klassik orta əsrlər və 2) son orta əsrlər. Fənnin tədrisi gedişində Avropa ölkələrinin Azərbaycanla siyasi-diplomatik, iqtisadi və mədəni əlaqələri məsələlərinə də xüsusi yer ayrılır.

Fənnin qiymətləndirilmə metodu – yazılı imtahandır.

 

Sivilizasiyalar tarixi

“Sivilizasiyalar tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində yeni fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Avropanın tarixi, xüsusilə orta əsrlər tarixi müasir tarixşünaslıq üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, Avropada orta əsrlərdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Xalqların böyük köçü, Frank imperiyası, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya bu tip hadisələrdəndir ki, müasir Avropanın və avropalıların həyatına təsiri yenə də davam edir.

“Sivilizasiyalar tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır. Fənni öyrənərkən tələbələrdə sivilizasiyaların meydana gəlməsi və inkişafı prosesinin elmi cəhətdən dərki formalaşmalıdır. Avropa sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılmaqla yanaşı, onun Şərq sivilizasiylarından üstün olmadığı, bu sivilizasiyalardan bir çox şeyləri əxz etdiyi də xüsusi vurğulanmalıdır. Avropa sivilizasiyasının tarixinin tədqiqi və tədrisi ali tarix təhsilinin zəruri tərkib hissəsidir.

Fənnin qiymətləndirilmə metodu – yazılı imtahandır.

 

Amerikanın qədim və orta əsrlər tarixi

Uzun müddət tarixşünaslıqda və ali tarix təhsili sistemində Amerikanın tarixi avropalıların bu qitəyə gəlişindən sonrakı mərhələdən etibarən öyrənilmişdir. Bu da, ilk növbədə, tarix elmində avropasentrizmin hegemonluğu ilə bağlı olmuşdur. Halbuki Amerika qitəsində çox böyük mədəni irs qoyub getmiş sivilizasiyalar – Mayya, İnk, Astek mədəniyyətləri mövcud olmuşdur. Bu sivilizasiyaların tarixinin öyrənilməsi təkcə etnoqrafların deyil, mediyevistlərin də vəzifəsidir.

Fənnin tədrisi gedişində Mayya, İnk və Astek mədəniyyətlərinin tarixi ilə yanaşı, Amerika qitəsində mövcud olmuş digər xalqların və döblət qurumlarının da tarixinə diqqət ayrılır.

Azərbaycan Respublikasının ali tarix təhsili sistemində yeni fənnlərdən olan “Amerikanın qədim və orta əsrlər tarixi” fənninin tədrisində başlıca məqsəd Kolumbaqədərki Amerika cəmiyyətlərinin tarixinin tədrisi, bu cəmiyyətlərin dünya tarixi prosesində rolunun müəyyən edilməsi və tələbələrdə Amerikanın qədim və orta əsrlər tarixi haqqında tam təsəvvürlərin formalaşmasıdır.

Fənn Tarix fakültəsinin “Amerikaşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrinə tədris olunur və peşəkar amerikaşünasın hazırlanması üçün həm də praktik əhəmiyyət kəsb edir.

Fənnin qiymətləndirilmə metodu – yazılı imtahandır.

Beynəlxalq münasibətlər tarixi (qədim dövr və orta əsrlər)

Qədim dövrdə meydana gələn və təşəkkül tapan beynəlxalq münasibətlər tarixinin tədqiqi tarixşünaslıqda aktualdır və tədrisi ali tarix təhsilində zəruridir. Dünya inteqrasiyasının artdığı, “Böyük İpək Yolu”nun, Qara və Aralıq dənizləri bölgələrinin dünya üçün yenidən siyasi, iqtisadi məna kəsb etdiyi müasir dövrdə bu əlaqələrin tarixinin araşdırılması, müasir dünyanın beynəlxalq münaqişələrinin kökünün və həlli yollarının tapılması, bəzən yanlış olaraq yeni və müasir tarixlə eyniləşdirilən, əslində isə qədim dövrdən başlayan, orta əsrlərdə isə bir sıra yeni cəhətlər kəsb edən beynəlxalq münasibətlərin təkamül yolunun öyrənilməsi elmi və praktik əhəmiyyətə malikdir.

Beynəlxalq münasibətlər tarixi (qədim dövr və orta əsrlər)” fənni Universitetin ümumi tarix kursunun tərkib hissəsi olub qədim dövlətlərin və orta əsrlərin beynəlxalq münasibətlər tarixini öyrənir və e.ə.IV minilliyyin sonlarından başlayaraq eramızın XVII əsrinin ortalarınadək olan dövrü əhatə edir. Fənni öyrənərkən tələbələrdə beynəlxalq münasibətlərin meydana gəlməsi və inkişafı prosesinin elmi cəhətdən dərki formalaşmalıdır. Qədim dünyada Şərqin ən qədim dövlətləri meydana gəlmiş, dövlət quruluşunun, iqtisadi və mədəni həyatın yeni formaları yaranmış, qədim Şərq dövlətlərinin öz aralarında və həmçinin antik dünya ilə siyasi, iqtisadi münasibətləri təşəkkül tapmışdır. Şərqdə ilk beynəlxalq dostluq və sülh müqavilələri bağlanmışdır. Qədim Yunanıstanda və Romada mövcud olan bir sıra diplomatik təsisatlar, xarici siyasətin mühüm elementləri isə təkcə orta əsrlərin deyil, müasir dövrün də beynəlxalq münasibətlərinin təşəkkülünə təsir etmişdir. Orta əsrlərdə beynəlxalq münasibətlərin təkamülü baş verir, onların xarakterində yeni cəhətlər meydana gəlir, beynəlxalq hüquq və təkmil beynəlxalq təsisatlar təşəkkül tapır. Bu münasibətlərin tarixinin tədqiqi və tədrisi ali tarix təhsilinin zəruri tərkib hissəsidir.

Fənnin qiymətləndirilmə metodu – yazılı imtahandır.

Altayşünaslığın əsasları

Dünya tarixinin ən önəmli rollarından birini paylaşmış Altay xalqları həm siyasi tarixinə, həm mədəni irsinə görə tarixçi tələbələrə tədris olunan vacib fənnlərdəndir. “Altayşünaslığın əsasları” fənninin tədrisində başlıca məqsəd qədim dövrdə və orta əsrlərdə müxtəlif imperiyalar və dövlətlər şəkilndə mövcud olmuş Altay xalqlarının siyasi, iqtisadi və mədəni inkişaf prosesini izləmək, Altay dünyasının bir hissəsi olan Azərbaycanın tarixinə xüsusi diqqət ayırmaq, tələbələrin Altay xalqlarının tarixini kompleks öyrənməsinə nail olmaqdır. Bu, həm ümumdünya tarixinə Altay xalqlarının yerinin müəyyən edilməsi, həm də Azərbaycan tarixi üçün elmi və praktik əhəmiyyət kəsb edir.

Fənnin tədrisində başlıca diqqət Altay xalqlarının türk qrupunu təşkil edən xalqların tarixinə yönəldilir. Bununla əlaqədar Azərbaycanın da tarixində böyük rolu olmuş hun, sak, skif, qıpçaq, səlcuq türklərinin tarixi daha geniş şəkildə tədris olunur. Eyni zamanda, tələbələrə Azərbaycan ərazisində yayılmış və onun etnik-siyasi tarixində böyük əhəmiyyəti olan türk tayfa və xalqlarının tarixi də tədris olunur.

Fənnin qiymətləndirilmə metodu –şifahi yoxlamadır.

Din tarixi

Ali tarix təhsilinin önəmli tərəflərindən biri də mədəniyyət və din tarixinin tədrisidir. İnsan cəmiyyətinin formalaşdığı tarixdən etibarən din onun siyasi, mədəni həyatında, məişətində və iqtisadi həyatında böyük rol oynamışdır. Din, bir tərəfdən, cəmiyyətin vəhdətinin formalaşmasında böyük rol oynamış, mədəni yüksəlişə təkan vermiş, digər tərəfdən, təfriqələrə, fikir ayrılıqlarına, müharibələrə də səbəb olmuş, cəhalət yaymışdır. Müasir dövrdə də dinin rolu danılmazdır və bu baxımdan, tarixçi tələbənin din tarixini elmi nöqteyi-nəzərindən öyrənməsi elmi və praktik əhəmiyyət kəsb edir.

“Din tarixi” fənninin tədrisində başlıca məqsəd tarixçi tələbədə dünya dinləri, ələlxüsus buddizm, xristianlıq, İslam, iudaizm, sintoizm haqqında tam elmi təsəvvürü formalaşdırmaq, dinin cəmiyyət tarixində yerini müəyyən etməkdir. Bununla əlaqədar, fənnin tədrisi zamanı başlıca diqqət politeist dinlər, monoteizmin yaranma şəraiti, monoteist dinlərin dünya tarixində yeri, müasir dünyada dinin və ruhanilərin mövqeyi, dini və dünyəvi dövlətçilik kimi məsələlərə yönəldilir. Azərbaycanın dini durumunun özəllikəri nəzərə alınaraq, İslam tarixinə fənnin tədrisində böyük yer ayrılır.

Fənnin qiymətləndirilmə metodu – yazılı imtahandır.

Kafedranın elmi istiqamətləri:

Qədim dünya və orta əsrlər kafedrasında tədqiq olunan elmi problem - "Avropa - Asiya qarşılıqlı əlaqələri və Azərbaycan" problemidir. Elmi-tədqiqat işləri aşağıdakı 2 istiqamət üzrə aparılır:

  • Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu
  • Qədim Azərbaycanın Şərq ölkələri və antik dünya ilə əlaqələri

 

 

 

Bookmark and Share