ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Əziz tələbələr, hörmətli müəllimlər!

08/06/2020

Azərbaycan Respublikası ərazisində COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, karantin dövründə Bakı Dövlət Universitetində tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə davam etdirildi. Distant təhsil sahəsində kifayət qədər təcrübəmiz və texniki imkanlarımız olmasa da, BDU olaraq bütün gücümüzü səfərbər edərək tədrisin məsafədən təşkilini uğurla həyata keçirməyə səy göstərdik. Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrə metodiki kömək məqsədilə məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırdıq. Bu müddət ərzində təxminən 100 000-ə yaxın onlayn dərs təşkil edə bildik.

İyunun 8-də Bakı Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası başlayır. İmtahanlar təsdiq edilmiş cədvələ uyğun olaraq onlayn formatda şifahi keçiriləcək. BDU olaraq karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılmışdır. Mövcud şərait nəzərə alınaraq, hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik nəzərə alınmaqla müvafiq qaydada azaldılaraq xeyli sadələşdirilmişdir.

Əziz tələbələr, məsafədən təşkil olunan dərslərdə aktiv iştirak etməklə, siz tədris prosesində davamlılığın təmin olunmasında əhəmiyyətli rol oynadınız. İmtahan sessiyasının da mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunacağına əmin ola bilərsiniz. Əmin olun ki, narahatlıq üçün heç bir əsas yoxdur, həmişə olduğu kimi, bu mərhələdə də sizin yanınızdayıq. İnanırıq ki, imtahan sessiyasında yüksək nəticələr əldə etməklə müəllimlərinizi və valideynlərinizi sevindirəcəksiniz.

Əziz professor-müəllim heyəti, bu çətin günlərdə göstərdiyiniz təmkinə, əlinizdən gələn hər şeyi etdiyinizə, çətinliklərə baxmayaraq yeni təhsil texnologiyalarını tətbiq edərək məsafədən tədrisin davam etdirilməsi üçün əməyinizi əsirgəmədiyinizə görə sizə təşəkkür edirik.

Bookmark and Share