ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsində elmi seminar keçirilib

24/12/2021

23 dekabr 2021-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində onlayn elmi seminar keçirilib.

İştirakçıları salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova keçirilən bu tip onlayn elmi tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, bir əsrdən çox yaşı olan Taix fakültəsinin tanınmış alimlərinin  son elmi tədqiqatları haqqında məlumatları və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.

Elmi seminarda Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi  kafedrasının dosenti, t.ü.f.d. Rövşən Hətəmov “BDU-nun Tarix fakültəsində Avropa və Amerika ölkələrinin Yeni Dövr tarixinin tədqiqinin və tədrisinin aktual məsələləri” mövzusunda məruzə ilə çıxış etdi.

BDU-nun Tarix fakültəsində Avropa və Amerika ölkələrinin Yeni Dövr tarixinin tədqiqinin və tədrisinin aktual məsələləri haqqında geniş məlumat verən məruzəçi bildirdi ki, müasir dövrdə ümumdünya tarixi fənlərinin tədrisinin vəziyyəti mürəkkəb olaraq qalmaqdadır. Dünya tarixinin hadisələri, prosesləri və meyllərinin şərhi ilə bağlı müxtəlif yanaşmalar və konsepsiyalar mövcuddur. Avropa və Amerika ölkələrinin yeni tarixi fənni tələbələri Qərb cəmiyyətində azadlıq, mülkiyyət, insan hüquqları, ictimai müqavilə nəzəriyyəsinə əsaslanan yeni dövlət quruluşunun, parlament sisteminin və bazar iqtisadiyyatının bərqərar olması  və Avropanın və Amerikanın ictimai həyatında bu gündə üstünlüyünü saxlamaqda olan digər ideyalar ilə tanış edir.

BDU-nun Tarix fakültəsində Avropa və Amerika ölkələrinin Yeni Dövr tarixinin  yerli və xarici mənbələri haqqında geniş məlumat verən R.Hətəmov bildirdi ki, yeni tarixin tədqiqinin və tədrisinin problemlərindən biri onun xronoloji hüdudlarının müəyyən edilməsində müxtəlif yanaşmaların olmasıdır. Yeni tarixin tədqiqi ilə bağlı da müxtəlif metodoloji yanaşmalar mövcuddur.

Yeni tarix dövrünün öyrənilməsi zamanı əsas diqqətin Avropa cəmiyyəti üçün daha mühüm dəyər kəsb etmiş təkamül proseslərinə yetirilməsi daha məqsədəuyğundur. Yeni tarix dövründə müharibələr, inqilablar ilə bağlı kifayət qədər çoxlu sayda hadisələr baş vermişdir və “müzəffər” inqilabların kütləvi zorakılıqlar ilə, minlərlə insanın, ilk növbədə günahsız insanların qətli ilə, evlərin, kəndlərin, şəhərlərin, mədəniyyət və dini abidələrin, xalqların əsrlərlə topladığı milli sərvətin məhv edilməsi ilə müşayiət olunması unudulmamalıdır. Buna görə də inqilabi proseslərə, müharibələrə həsr olunmuş tədris materiallarına yeni baxış tətbiq edilməlidir.

Yeni tarix fənni tədris edən müəllimlər üçün indiki dövrdə ən vacib vəzifələrdən biri fənnin tədrisinin məqsədini müəyyən etməkdir. Fənnin tədrisində məqsəd sadəcə konkret hadisələr haqqında biliklər toplusunu təqdim etmək deyil, müasir dövrün qarşıya qoyduğu suallara cavab tapmaq bacarığını formalaşdırmaqdır.

“Microsoft Teams” platforması üzərindən 60 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.



Bookmark and Share