ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsi Elmi Şurasında Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarovanın yubileyi qeyd edilib

03/04/2019

2019-cu il aprel ayının 3-də Tarix fakültəsi Elmi Şurasının iclasında Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarovanın yubileyi qeyd olunub. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev professor Əsməd Muxtarovanı yubiley münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Professor Əsməd İmamməmməd qızı Muxtarova Bakı şəhəri Buzovna qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş,fakültənin əyani aspiranturasında təhsilini davametdirmiş, 1974-cü ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1995-ci ildə professor elmi adını almışdır.

1971-ci ildənAzərbaycan Dövlət Universitetində (indi, Bakı Dövlət Universiteti) çalışır. 1999-cu ildən Türk xalqları tarixi kafedrasının müdiridir. 100-dən çox elmi məqalənin, 18 proqram, 2 dərslik və dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi, bir çox nəşrlərin elmi redaktorudur.1999-cu ildə nəşr etdirdiyi “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyinə görə “Xatun” Ədəbi Məclisinin təşkilat komitəsinin qərarı ilə “Sara Xatun” adına fəxri diplomla təltif edilib. 2002-ci ildə “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs vəsaiti nəşr etdirilib.

1997-ci ildən Ə.Muxtarovanın təşəbbüsü ilə nəşr olunan, təsisçisi və redaktoru olduğu “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal vasitəsilə beynəlxalq aləmlə əlaqələr yaradılmışdır. Turkiyə, ABŞ, Almaniya, Rusiya, İran, İsrailin Azərbaycan diaspora nümayəndələri jurna¬lın nəşr olunmuş saylarını əldə etmək üçün redaksiya ilə daimi əlaqə sax¬layırlar. Bu günə qədər jurnalın 87 sayı, 1 əlavəsi, 3 xüsusi buraxılışı nəşr olunmuşdur.

Professor Ə.Muxtarovanın rəhbərliyi altında 11 tarix üzrə fəlsəfə doktoru hazırlanmışdır. Hazırda tarix elmləri doktoru üzrə təhsil alan 3 doktorantın elmi məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təhsil alan 8 nəfər doktorantın və dissertantın rəhbəridir.

Əsməd Muxtarova Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının, Tarix fakültəsi Elmi Şurasının üzvüdür. Həmçinin Universitet Nəşriyyat Şurasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Tarix elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən Müdafiə Şurasının üzvü olmuşdur.

Hazırda türk xalqlarının qədim dövr və orta əsrlər dövlətçilik tarixi məsələlərini tədqiq edir. Müxtəlif səviyyəli konfranslarda, simpoziumlarda iştirak edir.

Professor Ə.Muxtarova dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. 2004-cü ildə yüksək ixtisaslı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının Fəxri Fərmanı ilə təltif edilib. 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə yenə də Təhsil Nazirliyinin“Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur. Əsməd xanım eyni zamanda media və ictimai qurumlar tərəfindən keçirilən sorğuların nəticəsində “İlin alimi”, “Azərbaycan ziyalısı” kimi fəxri adlarına da layiq görülmüşdür.

Bookmark and Share