ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“Qafqaz xalqları tarixinin aktual problemləri” mövzusunda elmi seminar

15/11/2016

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Qafqaz xalqları tarixi kafedrasınının təşəbbüsü və təşkilatçılığı ilə “Qafqaz xalqları tarixinin aktual problemləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarın ərsəyə gəlməsi və həyata keçirilməsində BDU-nun rektoru, akademik Abel Məhərrəmova və təşkilat komitəsinin üzvlərinə təşəkkür bildirilib. Elmi seminarın işində BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə çıxış edib. Bildirib ki, Qafqaz xaqları tarixi kafedrası yarandığı qısa müddət ərzində böyük uğurlara imza atıb, bu elmi seminarı həm də kafedranın 5 illik yubileyi, hesabatı, görülən işlərə nəzər salmaq kimi də qeyd etmək olar. Bu gün bu kafedrada görülən işlər yüksək səviyyədə həyata keçirilir. Daha sonra Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev yüksək səviyyəli tədbiri təşkil etdiyinə görə kafedra müdiri, professor İradə Hüseynova başda olmaqla kafedranın bütün kollektivinə öz təşəkkürünü bildirib, yeni-yeni yaradıcılıq uğurları diləyib. “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova öz çıxışında seminar iştirakçılarını salamlayıb, universitet rəhbərliyinə, gələn qonaqlara minnətdarlığını bildirərək, kafedranın gələcəkdə daha da böyük yaradıcılıq uğurlarını əldə edəcəyini, elmin, təhsilin, Qafqazşünaslığın, Əliyevşünaslığın inkişafında öz dəyərli tövhələrini verəcəyini bildirib. Eyni zamanda vurğulayıb ki belə səpgili elmi forumun keçirilməsi şübhəsiz ki, elmi-mübadiləyə, tələbə və müəllimlər arasında elmi ünsiyyət yaratmağa, elmi diskusiyalar zamanı həqiqətləri əldə etməyə, dünyagörüşünü artırmağa, təfəkkürün zənginləşməsinə, düzgün elmi nəticələrin hasil olunmasına xidmət edir. O xüsusi olaraq, vurğulayıb ki, gənclərin, tələbələrin azərbaycançılıq ideologiyası, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunması, o ideyaların tələbələrimizə təlqin edilməsi də vacib prioritet məsələlərdən biridir. Plenar iclasda Azərbaycan İqtisad Universitetinin dosenti, t.ü.f.d. Anar Eyyubov və AMEA-nın Tarix institunun aparıcı elmi işçisi, t.ü.f.d İlqar Niftəliyevin çıxışları dinlənilib. Plenar iclas bitdikdən sonra seksiyalarda tələbə və müəllimlərin çıxışları olub və sonda elmi seminar iştrakçıları rəhbərlik tərəfindən təşəkkürnamələrlə təltif olunub, birgə xatirə şəkli çəkilib. Qeyd edək ki, elmi seminarda Qafqaz xalqları tarixi kafedrası haqqında məlumat verilib. Bildirilib ki, Qafqaz xalqları tarixi kafedrası 2011-ci ildə yaranıb və kafedranın yaranmasının 5 ili tamam olur. Respublikamızın Qafqaz regionunda yerləşməsi və Qafqaz xalqları ilə tarixi qonşuluğu baxımından həmin xalqların tarixinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin daha dərindən və hərtərəfli öyrənilməsi vacib məsələlərdən biridir. Bununla yanaşı beynəlxalq müstəvidə qonşu dövlətlərlə ictimai-siyasi münasibətlərin daha səmərəli qurulması üçün yüksək ixtisaslı qafqazşünas kadrların hazırlanmasına böyük zərurət yaranıb. Qafqaz xalqları tarixi kafedrasında bu sahə üzrə yüksək ixtisaslı və səriştəli professor- müəllim heyyəti fəaliyyət göstərir. Qafqazşünaslığın aktual problemləri ilə bağlı Qafqaz xalqları tarixi kafedrasında bir sıra elmi araşdırmalar aparılır, Qafqazın ensiklopediyası, dərsliklər, dərs vəsaitləri, tədris proqramları, elmi monoqrafiyalar, dərc olunur. Bununla yanaşı, XXI əsrdə Qafqaz regionunun geostrateji əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artması fonunda, Qafqaz respublikaları ilə qarşılıqlı münasibətləri, xüsusən Ermənistan respublikasının qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarını, Qafqaz regionunda sabitliyin yaranması və Ermənistanın destruktiv mövqeyi, böyük dövlətlərin Ermənistanla bağlı siyasəti və s. bu kimi məsələlərin dərindən öyrənilməsinə, xüsusi elmi-tədqiqatlar aparılmasına böyük ehtiyac vardır. Universitetin Qafqaz xalqları tarixi kafedrasında “Ermənişünaslıq” sahəsi üzrə magistr hazırlığına başlanması bu ehtiyacın ödənilməsinə xidmət edir. Həmçinin yaxın qonşu və müttəfiq olan Gürcüstanı öyrənmək arzusunda olanlar “Gürcüşünaslıq” ixtisasına da yiyələnə bilərlər. Yəni ki, Regionşünaslıq ixtisası Qafqaz üzrə, Ermənistan və Gürcüstan üzrə tədris edilir. Bakı Dövlət Universitetində Qafqaz xalqları tarixi kafedrası Qafqazşünaslıq ixtisasının tədrisində və bu sahə üzrə kadrlar hazırlanmasında uzun illər zəngin təcrübə qazanıb, qafqazşünas kadrların hazırlanması istiqamətində güclü elmi və tədris mərkəzinə çevrilib. Eyni zamanda Qafqaz xalqları tarixi kafedrasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2016-cı il tarixli qərarı ilə Qafqaz xalqları tarixi ixtisası üzrə magistratura pilləsinə qəbul keçirilir. Bununla yanaşı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun əmri ilə 21 fevral 2012-ci ildə “Qafqaz xalqları tarixi” kafedrası nəzdində “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyası yaradılıb. Belə bir mərkəzin yaradılmasında əsas məqsəd erməni məsələsi ilə bağlı tariximizin aktual problemlərinin öyrənilməsi, Azərbaycan ictimaiyyətinin Ermənistanda baş verən ictimai-siyasi prosesləri təhlil etmək, elmi ictimaiyyəti xəbərdar etmək, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı destruktiv fəaliyyətinin elmi cəhətdən, faktlarla, arqumentlərlə ifşa olunması və bu müstəvidə tədqiqatların aparılmasıdır. “Qafqaz xalqları tarixi” kafedrasında Qafqaz dilləri də tədris olunur. Erməni və gürcü dillərinin tədrisi və bu dilləri bilən mütəxəsislərin yetişdirilməsi vacib, ümdə məsələlərdən biridir, kafedra bu sahəyə çox böyük diqqət yetirir və bu dillərin öyrənilməsinə maraq günü-gündən artır.


Bookmark and Share