ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“Orta əsr Şəmkir şəhərinin keramikası” monoqrafiyası çap olunub

04/05/2020

Monoqrafiyada 2006-2019-cu illərdə Şəmkirdə aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan şirsiz saxsı məmulatı tədqiq edilib, şəhər sakinlərinin məişəti ilə sıx bağlı olan bu tapıntılar sistemləşdirilib, onların tipoloji təsnifatı aparılıb. Bundan əlavə, istehsal texnologiyası və bədii işlənmə texnikası müəyyənləşdirilib, təkamülü izlənilib, Şəmkir dulusçuluğunun Aran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olduğu sübuta yetirilib.

Beş fəsildən ibarət əsərin birinci hissəsində anbar və təsərrüfat qabları, ikinci hissəsində mətbəx keramikası, üçüncü hissəsində isə su qabları tədqiqata cəlb edilib. Monoqrafiyanın son fəsillərində süfrə qablarından, saxsı evlərin, ictimai və dini binaların süni işıqlandırma vasitələrindən, buxurdanlardan, əczaxana və gigiyena qablarından, sferokonuslardan bəhs olunur.

Arxeoloji tədqiqatlar zamanı əldə edilmiş keramika məmulatlarının zənginliyi orta əsrlər Şəmkir şəhərinin nəinki Azərbaycan və Cənubi Qafqazda, həmçinin dövrünün İslam dünyasında yüksək inkişaf etmiş mədəni mərkəzlərindən biri olduğunu göstərir. Vəsaitdə arxeoloji qazıntılar zamanı tapılmış şirsiz keramika materiallarının foto və qrafik təsvirlərini əks etdirən illüstrasiyalar da yer alıb.

Nəşr arxeoloqlar və tarixçilər, həmçinin Azərbaycan, Qafqaz, Yaxın Şərq və bütövlükdə Avrasiya tarixinin İslam dövrü ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bookmark and Share