ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Konstitusiyaya əlavə və dəyişikliklər insan hüquqlarının daha güclü müdafiəsinə xidmət edir

23/09/2016

Bu gün ölkəmiz ciddi bir hadisə ərəfəsindədir. Sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər səsə qoyulacaqdır. Bu, Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişiklikdir. Bu dəyişikliklər cəmiyyətdə gedən dinamik proseslərin məntiqinə söykənir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, aidiyyəti orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gəlir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn dəyişikliklərdir. Əsas qanuna dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir. Azərbaycan xalqı təqdim edilən müddəalarla yaxından tanış olub səsvermə nəticəsində bu əlavə və dəyişiklikləri qəbul etməklə həm ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, həm də respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcək. 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra qərarlar, qanunlar qəbul edildi. Lakin həmin dövrdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin Konstitsiyasını qəbul etmək şansı olmadı, buna zaman imkan vermədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə qəbul olunub. Sonradan 1925-ci və 1936-cı illərdə həmin Konstitusiyanın üzərində müəyyən təkmilləşdirmə aparılıb. 1978-ci ildə qəbul olunmuş və ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyada isə ilk dəfə azərbaycançılıq ideyası əksini tapdı. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi altında 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul olundu. İlk Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Konstitusiyanın qüvvədə olduğu sonrakı dövrlərdə hansı sahədə əlavə və dəyişikliklərə ehtiyac duyulubca, Azərbaycan vətəndaşları buna səs verib. Bunlardan birincisi 24 avqust 2002-ci ildə keçirilib. İkinci referendum 18 mart 2009-cu ildə baş tutub. Birinci referendumda Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31dəyişiklik və əlavələr olundu. İkincidə isə Əsas Qanunun 9 maddəsinə ümumilikdə 41 əlavə və dəyişikliklər edildi. Hazırda təklif olunan variantda isə Konstitusiyanın 29 maddəsinə 39 düzəliş və əlavə təklif var. Onların əksər hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiəsi, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Biz mütəmadi şəkildə müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan “tədqiqat” aparıldığının və ictimailəşdirildiyinin şahidi oluruq. Bu gün Konstitusiyaya təklif olunan dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yaradır. O cümlədən insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlər edilməsinin qarşısı alınır. Tutaq ki, sərbəst toplaşmaq haqqında qanuna uyğun olaraq hər hansı bir sərbəst toplaşmaq hərəkəti həyata keçirilir və həmin tədbirdə də kiminsə şərəf və ləyaqəti aşağılanır və yaxud da onun şərəf və ləyaqətinə qarşı hər hansı bir hörmətsizlik edilir. Bu da şəxsin toxunulmazlığının pozulmasına gətirib çıxarır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb, bu da vacib olan şərtlərdən biridir. Silahlı Qüvvələrlə bağlı təklif olunan dəyişiklikləri xüsusi vurğulamaq olar. Bilirsiniz ki, Azərbaycan müharibə şəraitində yaşayır, necə ildir ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, 20 faizdən artıq torpaqlarımız işğal altındadır. Burada Silahlı Qüvvələrə üstünlüyün verilməsi vacib şərtdir. Əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiyaya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Lakin həmin silahlı birləşmələr kifayət qədər inkişaf edib, genişlənib. Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər qoşun növləri mövcuddur ki, bunlar Silahlı Qüvvələrə daxil deyillər. Konstitusiyaya təklif olunan dəyişikliklərlə əlaqədar Silahlı Qüvvələrin hamısı Ali Baş Komandanın əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm ordu quruculuğunda, həm də təhlükəsizlik sistemimizin və Silahlı Qüvvələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edəcək. Digər mühüm məsələlərdən biri mülkiyyət münasibətləri ilə əlaqədardır. Bəziləri bu məsələdən də sui-istifadə cəhdlərinə yol verirlər. Azərbaycanda torpaq özəlləşdirilib, mülkiyyət forması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Respublikamızda mülkiyyətin 3 forması mövcuddur: dövlət mülkiyyəti, özəl mülkiyyət və bələdiyyə mülkiyyəti. Lakin bu gün torpaqların təyinatının dəyişdirilməsi məsələsi, doğrudan da, aktualdır. Bununla bağlı parlamentdə də müzakirələr aparılmış, müxtəlif qərarlar qəbul olunmuşdur. Əslində, təyinatı üzrə istifadə olunmayan torpaqlara görə vergilərin tətbiq edilməsi məsələsi də gündəmə çıxarılıb. Hazırda dünyada ərzaq təhlükəsizliyi böyük aktuallıq kəsb edir. Azərbaycanda da torpaqların səmərəli istifadə edilməsi olduqca vacib məsələlərdən biridir. Torpaqlar sosial ədalət prinsipi gözlənilməklə təyinatına uyğun istifadə olunmalıdır. Konstitusiyaya təklif olunan dəyişikliklər vətəndaşlara həmin torpaqlardan, həmin mülkiyyət formalarından istifadəyə bilavasitə təminat verir, eyni zamanda o prinsipi möhkəmlədir ki, hər bir şəxs hansısa ərazini, belə deyək, çəpərləyib saxlamalı deyil, ondan təyinatına uyğun istifadə etməlidir. Yerlərdə şahidi oluruq ki, hər hansı bir torpaq sahəsi pay torpağı kimi verilib, bunun təyinatı əkin üçün nəzərdə tutulub, lakin həmin torpaq əkin üçün deyil, tamam başqa məqsədlərlə istifadə edilir. Beləliklə də, həm digərlərinin hüququ pozulur, məsələn, deyək ki, qonşu öz torpaq sahəsini suvara bilmir, başqa problemlər meydana çıxır, eyni zamanda başqa təyinatlarla istifadə edildikdə torpaq öz məhsuldarlığını itirir və sonradan həmin torpağın məhsuldarlığını təmin etməklə bağlı hər hansı tədbir görmək mümkün olmur. Bu məsələlər də Konstitusiyaya təklif edilən dəyişikliklərdə öz əksini tapan müddəalardandır. 4-cü dəyişikliklər bloku yaş həddinin aradan götürülməsi ilə bağlıdır. Bu, nədən irəli gəlir? Bilirsiniz ki, bizdə müxtəlif yaş hədləri müəyyənləşdirilib və bu yaş hədləri ilə əlaqədar seçkilərdə iştirak məsələsi ortaya çıxır. Dəyişiklikdə də məqsəd odur ki, seçmək və seçilmək hüququ olan insan heç bir məhdudiyyətlə rastlaşmasın. Belə məhdudiyyət dünyanın bir çox ölkələrində, demək olar ki, ümumiyyətlə mövcud deyil. Bura Fransanı, Finlandiyanı, başqa inkişaf etmiş ölkələri daxil etmək mümkündür. Azərbaycanda 18 yaşına çatan şəxsin seçmək hüququ var. Bu təbiidir, olmalıdır. Bundan sonra bələdiyyə üzvlüyünə seçilmək üçün 21, parlamentə seçilmək üçün 25, ali dövlət orqanlarına - Konstitusiya Məhkəməsinin üzvlüyünə, ayrı-ayrı məhkəmələrə 30, və prezident seçilmək üçün 35 yaş həddi müəyyənləşdirilib. Hətta bir vaxtlar ümummilli liderin prezidentliyə namizəd göstərilməməsi üçün yuxarı 65 yaş həddi də müəyyənləşdirilmişdi. Bununla ulu öndərin prezident seçkilərində iştirak etməsini əngəlləmək istəyirdilər. Bu çox anormal hal idi. İndi əlavə və dəyişikliklərdə bu müddəaların da aradan qaldırılması nəzərdə tutulub. Yəni yaş həddi məhdudiyyəti ümumiyyətlə götürülür. Biz statistikaya nəzər salsaq, nəyə rast gəlinir? Azərbaycan əhalisi 2016-cı ilin yanvarına qədər 9705 643 nəfər olub. Bunun 5127111 nəfəri seçicidir. Yəni seçmək hüququna malikdir. Lakin seçmək hüququ olan bu vətəndaşların böyük əksəriyyəti həmin bəhs olunan yaş həddinə görə seçilmək hüququndan məhrum olunurlar. Bizdə 18-21 yaş arasında olan insanların sayı 623 772 nəfərdir. 18-25 yaş arasında olanların sayı 1354209 nəfərdir. 18-30 yaş arasında olan insanların sayı 2390390 nəfərdir. 18-35 yaş arasında olan insanların sayı isə 3106489 nəfərdir. Yəni biz 3106489 insanın hüququnu burada pozuruq, bunların 35 yaşları yoxdursa, onlar prezident seçkilərində namizəd kimi iştirak edə bilməzlər. Yəni ümumi seçicilərin-5127111 nəfər seçicinin cəmi 1 milyon 962 nəfəri bu hüquqdan istifadə edə bilər və 3106489 nəfər bu hüquqdan istifadə edə bilməz. Bu, doğrudan da, çox anormal haldır. Tutaq ki, şəxsin 35 yaşı yox, 34,5 yaşı var, bu nəyi dəyişəcək? Ancaq bu məhdudiyyəti götürməklə biz 5 milyondan çox insana şərait yaradırıq ki, bütün seçkilərdə namizəd kimi iştirak etsin. Tutaq ki, bir istedadlı gənc fəaldır, onun 24 yaşı var, ağlına, savadına görə insanlar tərəfindən dəstəklənir və seçicilər onu seçmək istəyirlər. Bu zaman məlum olur ki, belə bir baryer var, həmin istedadlı gəncin gərək 25 yaşı tamam ola ki, o seçilə bilə. Həmin gənc yenidən gözləməlidir ki, növbəti seçkilərdə öz namizədliyini irəli sürmək hüququ qazansın. Bu da vətəndaş hüquqlarının tam şəkildə təmin olunmasını əngəlləyir. İkincisi, bu, seçki yolu ilə olan bir məsələdir. Yaşından asılı olmayaraq seçici kimisə seçmək istəyirsə, seçir. Onun digər fəaliyyət növlərinə, siyasi baxışlarına, irəli sürdüyü təkliflərə, platformasına, taleyüklü məsələlərdə çıxış etdiyi prinsiplərə fikir verir, yaşına yox. Burada məhdudiyyətlər aradan qalxır. Daha bir dəyişiklik prezidentlik fəaliyyətinin 5 ildən 7 il müddətinə uzadılması ilə bağlıdır. Hazırda dünyanın 30-a yaxın ölkəsində prezidentlik müddəti 7 ildir. 200-ə yaxın dövlət arasında, prezidentlik üsul-idarəsi qüvvədə olan dövlətlərdə 6 aydan tutmuş 8 ilədək müddətlər mövcuddur. Hər bir xalq ölçür-biçir, hansı müddət onun üçün əhəmiyyətlidirsə, ona səs verir, qəbul edir və bu da Konstitusiyada öz əksini tapır. İrlandiyada prezident 7 il müddətinə seçilir. Qonşu Qazaxıstanda da bu müddət qüvvədədir. Ayrı-ayrı ölkələr sadalaya bilərik ki, orada prezidentlik müddəti müxtəlifdir. Məsələn, Flippində, Sinqapurda, Rusiyada 6 ildir. Azərbaycanda yeni prezidentlik müddətinin irəli sürülməsi bir sıra amillərlə şərtlənir. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Bələdiyyə, parlament və prezident seçkiləri. Hər bir siyasi təşkilat, o cümlədən də seçki ilə məşğul olan qurum bir il öncədən bu seçkilərə hazırlaşır və onu yekunlaşdırır. Beləliklə, 3 il müddətində ölkədə müxtəlif qurumların fəaliyyəti ancaq seçkilərə yönəlir. Digər amillər sırasında iqtisadiyyat və idarəçiliklə bağlı məsələləri göstərmək mümkündür. Burada dövlət proqramlarının icrası sosial problemlərin həlli, abadlıq-quruculuq işlərininin aparılması, yeni iş yerlərinin açılması məsələləri də var. Bu baxımdan respublikada prezidentlik müddətinin 7 il olması dövlət başçısının qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməsinə şərait yaradır. Prezidentlik müddətinin 7 il olması tamamilə qanunauyğundur. Ölkədə vitse-prezidentlik institutunun yaradılması məsələsi onunla əlaqədardır ki, Azərbaycan dövləti inkişaf edir, respublikada müxtəlif strukturlar yaradılır, idarəetmə sistemində çevikliyin təmin olunmasına zərurət yaranır. Azərbaycanın həm beynəlxalq aləmdə təmsilçiliyinin genişlənməsi, həm də respublikada ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar dövlət aparatının təkmilləşdirilməsinin aktuallığının artması vitse-prezidentlik institutunun yaradılmasını gündəmə gətirib. Birinci vitse-prezident və vitse-prezidentlər ayrı-ayrı sahələrə rəhbərlik etməklə yanaşı, həmçinin Prezidentin tapşırığı əsasında dövlət əhəmiyyətli beynəlxalq sənədlərin imzalanması və digər məsələlərdə də yaxından iştirak edəcəklər. İrəli sürülən dəyişikliklərdə başqa bir vacib məsələ parlamentin səlahiyyətlərinə aiddir. Parlamentdə deputat statusundan məhrumolunma məsələsi onsuz da Azərbaycan Respublikasının Konstitusiyasında, o cümlədən deputat statusu haqqında qanunda və parlamentin daxili nizamnaməsində öz əksini tapıb. Yəni kobud şəkildə etik normaların pozulması nəticəsində deputat statusundan məhrumolunma proseduru mövcuddur. Lakin parlament seçkili orqan olduğuna görə, bu kimi məsələlərin bilavasitə Konstitusiyada öz əksini daha konkret şəkildə tapması çox vacibdir. O cümlədən dövlət idarəçiliyinin iflic olunmasının qarşısının alınması böyük aktuallıq daşıyır. Məsələn, Nazirlər Kabinetinin hesabatlarının, Prezident tərəfindən təqdim olunan Konstitusiya Məhkəməsinin, Mərkəzi Bankın üzvlərinin təqdimatının parlamentdə bir ildə iki dəfədən artıq qərəzli şəkildə təsdiq edilməməsi, təbii ki, ölkəni iflic vəziyyətinə gətirib çıxardar, idarəetmə sistemini pozar. Əgər ortada qərəzçilik varsa, bunun qarşısına sədd çəkən prosedur olmalıdır. Konstitusiyaya təklif olunan dəyişikliklərdə göstərilir ki, hər kəs öz məsuliyyətini dərk etsin, bilsin ki, ölkəni iflic vəziyyətinə gətirib çıxarmaq olmaz. Ümumiyyətlə, demək olar ki, günün tələblərindən irəli gələn bu dəyişikliklər Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişikliklərdir.

Abel MƏHƏRRƏMOV, BDU-nun rektoru, akademik


Bookmark and Share