ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“Heydər Əliyev Müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

12/06/2020

İyunun 11-də Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru Elçin Babayev qonaqları və iştirakçıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi nəticəsində 15 iyun tarixinin Respublikamızda Milli Qurtuluş Günü kimi qeyd olunduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyinin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin uğurlu uzaqgörən siyasəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində blokadadan çıxdı, ölkəmizin imicinin gücləndirilməsinə nail oldu. E.Babayev Ümummilli Liderin sayəsində Azərbaycan dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzunu gün-gündən artan dövlətinə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını deyib. O, qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Rektor Elçin Babayev həmçinin Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlığın, siyasi sabitliyin yarandığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüşün, xalqın bütövlüyünün, həmrəyliyinin, milli birliyinin təmin edildiyini, Azərbaycanın dünya birliyinə inteqrasiyasının başlandığını bildirib. Rektor əlavə edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidmətləri də misilsizdir. Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Milli qurtuluş Azərbaycan dövlətçiliyinin müasir inkişaf strategiyasının təməlidir” məruzəsi ilə çıxış edib. Daha sonra Bakı Şəhəri Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov “Ulu Öndərin siyasi irsi”, Millət vəkili, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev”, Millət vəkili Elnur Allahverdiyev “Müasir Azərbaycanın iqtisadi inkişafı milli qurtuluşdan başlayır”, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva “Böyük qayıdışdan başlayan qurtuluş”, Millət vəkili, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov “Müstəqilliyin Qayıdışı: Heydər Əliyevdən İlham Əliyevə”, Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Azərbaycanda böhran və ondan çıxış yollarının axtarışı”, Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qurtuluş yolunun zəfərləri”, Millət vəkili, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva “Milli qurtuluşun banisi Heydər Əliyev”, Millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov “Milli qurtuluş və Azərbaycan gəncliyi”, BDU-nun Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova “Müstəqil Azərbaycan respublikasının inkişafında və möhkəmləndirilməsində Heydər Əliyevin yeri və rolu”, BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi Hüseyn Hüseynli “Azərbaycan tarixində dönüş anı - Milli Qurtuluş Günü” mövzularında çıxış ediblər.

Çıxışlarda xalqımızın tarixinə böyük xilaskar kimi adını həkk etdirən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, ölkəyə qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrdən, Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən geniş bəhs olunub. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açılıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr edib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan, 120-dən artıq iştirakçının qatıldığı elmi konfransda millət vəkilləri, BDU-nun professor-müəllim heyəti, tələbə və doktorantlar və dəvətli qonaqlar iştirak ediblər. Respublika elmi konfransı iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Bookmark and Share