ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Fərid Şəfiyev “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub

22/04/2019

Bakı Dövlət Universitetində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşün budəfəki qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev olub.

Dəvətə görə təşəkkürünü bildirən Fərid Şəfiyev təhsil illəri və karyerası haqqında danışıb. Tarixçi təhsilinin karyerasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Fərid Şəfiyev tələbələrə tövsiyələrində elmi araşdırmalarda emosional deyil, professional yanaşmanın vacib olduğunu bildirib. Qeyd edib ki, belə yanaşma beynəlxalq aləmdə bütünlükdə dövlətimiz və elmimizin imicinin formalaşmasına mühüm təsir edən amillərdəndir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbirdə iştirakına görə Fərid Şəfiyevə təşəkkürünü bildirib və gələcəkdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə BDU arasında əlaqələrin yeni səviyyədə yaradılmasını təklif edib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. Tarix fakültəsinin dekanı Azad Rzayev Fərid Şəfiyevə görüşdə iştirakına görə fakültənin professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirib.

Qeyd edək ki, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev 1994-cü ildə BDU-nun Tarix fakültəsində, 2003-cü ildə Harvard Universitetinin magistratura səviyyəsində təhsil alıb. 2009-2015-ci illərdə Karlton Universitetində (Carleton University, Canada) tarix üzrə elmlər doktoru dərəcəsini alıb. 1996-cı ildən xarici siyasət sahəsində çalışıb. Azərbaycanın BMT-dəki nümayəndəliyində işləyib, ölkəmizin Kanada və Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. 2019-cu ildən isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədridir.

Əlavə edək ki, “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, müəllifi dosent Səidə Quliyeva, koordinatorları dosent Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Mais Günəşlidir.

Bookmark and Share