ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib

06/01/2015

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib. Müsabiqənin məqsədi ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması, bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılmasıdır.

Müsabiqə çərçivəsində on min manatadək qrantların verilməsi yolu ilə xarici ölkələrin arxivlərində işləmək üçün müddəti bir ayadək olan layihələrin və proqramların maliyələşdirilməsi nəzərdə tutulub. Bu müsabiqə çərçivəsində qrant maliyələşdirilməsinin cəmi həcmi yüz min manat təşkil edəcək.

Cari müsabiqəyə təqdim olunacaq layihələrdə xarici ölkələrin arxivlərində işləmək üçün müddət olaraq 2015-ci ilin fevral ayının 3-cü ongünlüyü və mart-aprel ayları nəzərdə tutulur. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən yanvarın 30-u saat 17:00-dək aparılacaq. Bu müddət ərzində Fond tərəfindən müvafiq təbliğat işi aparılacaq, tərtibatla bağlı xüsusi seminarlar keçiriləcək. Müsabiqənin qalib layihələri üzrə nəticələr vaxtaşırı olaraq KİV-də müxtəlif dillərdə olmaqla işıqlandırılacaq. Müsabiqənin nəticələri üzrə Elmin İnkişafı Fondu tərəfindən kitab nəşr edilməsi də planlaşdırılıb.

Bookmark and Share