ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Bəxtiyar Nəbiyev: “BTQ milli inkişaf tariximizə qızıl hərflərlə həkk olundu” AÇIQLAMA

02/11/2017

“Azərbaycan Respublikasının müasir geosiyasi müstəvidə əhəmiyyətini artıran əlamətdar hadisələrdən daha biri milli inkişaf tariximizə qızıl hərflərlə həkk olundu. Müasir dünyada beynəlxalq nəqliyyat qovşaqlarının strateji xassəyə malik olduğu bir dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu işə başladı. Onun açılışına bir sıra ölkələrin ən yüksək siyasi səviyyədə qatılması Azərbaycan xarici siyasətinin konseptual əsaslarının möhtəşəmliyini ortaya qoydu”. Bunu SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədri, Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin dekan müavini, dosent Bəxtiyar Nəbiyev deyibOnun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım və ölkənin vitse-prezidenti Mehriban xanım Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər:

“Reallaşan bu layihə son illər regionun siyasi, iqtisadi, sosial və eyni zamanda hərbi mənzərəsində ciddi dəyişiklik deməkdir.Belə ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bir sıra dividendlər əldə edir. İlk növbədə, bu ölkəmizə imkan verir ki, özünün qitələlərarası birləşdirici rolunu gücləndirsin. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirib.Azərbaycanın bu nəqliyyat layihəsinə strateji baxışı illər sonra onun işə düşməsi ilə proseslərin axarını dəyişə biləcək hala gətirdi. İndi Azərbaycan dünya üçün, region üçün tək karbohidrogen ixracatçısı rolunu oynamır, həmçinin region ölkələrinin iqtisadi inkişafına birbaşa təsir edə biləcək rıçaqlar əldə edir. Sevindirici hal odur ki, bütün bu fəaliyyətin avanqardı iki qardaş ölkə Azərbaycan və Türkiyədir. Bakı-Tbilisi-Qars dəmir yolunun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyini vurğulayan Prezident İlham Əliyev deyib: “Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq və təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaqdır. Biznesin inkişafı üçün, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti vardır”.

Türkiyənin dövlət başçısı isə bildirib ki, yatırdığımız bu sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini daha da artırdıq: “Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutları ilə birləşdiririk. Eyni qaydada Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışını təmin edirik.”. Hər iki çıxışa diqqət yetirdikdə görmək olur ki, dövlət başçıları layihəyə tək iqtisadi aspektlərlə baxmamaqdadırlar. Onlar layihənin geosiyasi əhəmiyyətinə vurğu edirlər. Əslində Bakı-Tbilsi-Qars dəmir yolu layihəsinin işə düşməsi gələcəkdə türk dünyasının real birliyinin yaranması üçün iqtisadi əsasa çevrilə biləcəkdir.Burada bir məqamı da qeyd edək ki, BTQ Azərbaycanın və Türkiyənin geosiyasi və geoiqtisadi təsir imkanlarının artmasını istəməyən bütün ölkələrin planlarını pozdu. Asiya və Avropa bazarları arasında mal mübadiləsi üçün şimala getmədən alternativ imkanlar açıldı. İtirənlərin içərisində isə “lider” yenə Ermənistandır. Onsuz da beynəlxalq nəqliyyat sisteminə çıxış imkanları məhdud olan işğalçı rejim indi bir qədər də pis vəziyyətə düşdü.

Çünki regionda Azərbaycan ilə Gürcüstanın bir biri ilə bağlılığı daha da artdı. BTQ-nin açılışı ilə bağlı çıxış edən Gürcüstanın baş nazirinin bu sözləri fikirlərimizi sübut edir: “Bugünkü tədbirə görə Prezident İlham Əliyevə, eyni zamanda, öz dostlarımıza, dost ölkələrin liderlərinə, hökumət nümayəndələrinə, bu illər ərzində öz fədakar və yorulmaz əməyi ilə bu mürəkkəb layihənin reallaşmasına dəstək verən insanlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Ən əsası isə odur ki, bu layihədə burada təmsil olunan ölkələrin mütəşəkkilliyi və birliyi nümayiş olundu. Əminəm ki, bu cür layihələr və bir-birimizin yanında olmağımız əlaqələrimizi daha da dərinləşdirəcək və təkcə bizim ölkələrimizə deyil, eyni zamanda, regionumuza uğur gətirəcək.” . Bu çıxışda diqqəti cəlb edən məqam Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin bir birimizin yanında olmaq ifadəsidir.

Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi və sosial uğurun bir adı vardır – Azərbaycanın yanında olmaq!!! Regionda müstəqil ola bilməmə kompleksi yaşayan Ermənistan artıq tamamilə iflic vəziyyətində olduğunu anlaması lazımdır. Artıq bu ölkədə ictimai rəy də işğalın heç də xeyir gətirməməsi yönündə dəyişməkdədir. Erməni İosif Kubatyan regnum saytında yazır ki, Ermənistan bu yolun açılışı ilə mühüm yollarının ondan yan keçməsi reallığının ortasında oturan kor bayquşa çevrilir. Beləliklə, artıq şərhə ehtiyac yoxdur.Ermənistanın belə bir vəziyyətə düşməsi fonunda Azərbaycan regionun və dünyanın idarə edildiyi mərkəzlərdən birinə çevrilməkdə davam edir. Dünyada baş verən son hadisələr onu deməyə əsas verir ki, artıq dünya yeni güc mərkəzlərini dünyaya gətirmə sancılarını çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi dünya beşdən böyükdür. Belə bir ortamda Azərbaycan və Türkiyə birliyi regional baxımından yeni güc mərkəzini əmələ gətirir. Hadisələrin məntiqi davamı olaraq Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Qardaş ölkənin başçısı isə bəyan edibdir ki, dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik. Azərbaycan və Türkiyə arasında münasibətlərin bir qədər də inkişaf edərək dərinləşməsi hər iki ölkəni sevməyən qüvvələri fakt qarşısında qoyur. Bu fakt nədir? Tarixi qardaşlıq, təbii resurslar, ortaq təhlükələr, tranzit imkanlar və möhtəşəm perspektivlər baxımından yeni güc Azərbaycan-Türkiyə ittifaqı.Ancaq bu ittifaq bir təsadüfün nəticəsi deyildir. Bu ittifaq Ümummilli Lider Heydər Əliyevin siyasi dühasının məhsulu olan bir millət iki dövlət strategiyasının bəhrəsidir. Balanslaşdırılmış xarici siyasət kursu daxilində Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə verdiyi önəmin müasir nailiyyətidir BTQ. BTQ-nin reallaşmasının yol xəritəsini anlamaq üçün təbii ki, tarixi bir ekskursa ehtiyac vardır. 1990-cı illərdən başlanan strateji yaxınlaşmanın təmələri 1992-ci ilin martında qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.Ümummilli liderimiz Heydər Əliyev körpünün açılış mərasimində demişdir: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”. Türk dünyasının coğrafi bütünlüyünü təmin edən bu körpünün açılışında Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl və Türkiyənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak etmişdilər. Süleyman Dəmirəl körpünün açılmasının əhəmiyyəti barədə danışaraq demişdir: “Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, dünyanı, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır. Məhz onu dəyərli edən də budur”. Bu günkü uğurlar həm də Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının, “Əsrin müqaviləsinin”, BTC-nin və digər cahanşümül layihələrin nəticələridir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin düşüncə və strateji xəttinin davamı Cənab Prezident İlham Əliyevin fədakar, gərgin fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi ilə biz bu gün dünyaya yeni reallıqları qəbul etdirə bilən regional güc olan Azərbaycanda yaşayırıq. Azərbaycan son illər dünya miqyaslı tədbirlərin mərkəzidir. Bunlardan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsini, 2015-ci il Avropa Oyunlarını, 2017 İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri misal göstərmək olar.Beləliklə, Azərbaycanın iqtisadi və siyasi uğurları davam edir. Bir daha sübut olundu ki, ölkəmizin xarici və daxili siyasəti bir birini tamamlamaqdadır. İqtisadi və siyasi imkanlardan istifadə edilmə metodları düşünülmüş və elmi əsaslara dayanan siyasi konsepsiyanın mövcudluğunu göstərir. Ona görə də, Azərbaycanın dostu olmaq özü bir siyasi üstünlüyə çevrilir".

Bookmark and Share