ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetində Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.

09/10/2019

2019-cu il oktyabr ayının 8-9-da Bakı Dövlət Universitetində Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransdan əvvəl fakültənin professor-müəllim və tələbə heyəti Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Tarix fakültəsinin məzunları olan dövlət və elm xadimlərinin, Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin məzarını ziyarət ediblər, onların xatirəsini yad ediblər.

Konfrans Azərbaycan himninin səslənməsi ilə başlayıb. BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Tarix fakültəsinin yaranma tarixi və inkişaf mərhələlərindən, onun Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs edib. BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq baş tutan bu konfransın əhəmiyyətini qeyd edən rektor onun işinə uğurlar arzulayıb.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov konfrans barədə məlumat verərək bildirib ki, 2019-cu ilin noyabr ayında Bakı Dövlət Universitetinin, həmçinin onun ilk fakültələrindən olan Tarix fakültəsinin yaradılmasının 100-cü ili tamam olur, bu münasibətləfakültədə 2019-cu ilin əvvəlindən başlayaraq silsilə tədbirlər həyata keçirilir. O, fakültədə konfransın təşkili və keçirilmə prosedurları barədə qısa məlumat verib.

Daha sonra isə konfransa gələn Milli Məclisin deputatı, BDU-nun Tarix fakültəsinin professoru Fəzail İbrahimli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, Tarix fakültəsinin məzunu Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, tarix fakültəsinin məzunu professor Elçin Əhmədov, AMEA Fəlsəfə institutunun direktor müavini professor Eynulla Mədətli, AMEA Gəncə bölməsinin mütəxəssisi Elnur Həsənov Universitetin və Tarix fakültəsinin elm və tədris nailiyyətlərini sadalayaraq yubiley münasibətilə kollektivi təbrik ediblər.

Təbrik çıxışlarından sonra Plenar məruzələr dinlənilib. Azərbaycan tarixi kafedrasının professoru İbrahim Zeynalov “Bakı Dövlət Universitetinin təşəkkülü və Tarix fakültəsi” mövzusunda, Bakı Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrasınını müdiri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov “Tarixi tədqiqatlarda dövlətçilik ideologiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Açılış mərasimindən sonra isə Tariximizin canlı tarixi adlı müəllim-tələbə görüşü keçirilib.

Konfrans bölmələrdə davam etdirilib. Məruzələr Azərbaycan xalqının milli sərvəti – Bakı Dövlət Universiteti; 100 yaşlı Tarix fakültəsi; Tarixi araşdırmalar; Bakı Dövlət Universitetində yüksək ixtisaslı kadr hazırlığı; BDU və Tarix fakültəsi tələbələrin gözü ilə bölmələrindəazərbaycan və rus dillərindədinlənilib, Cümhuriyyətimizin yadigarı, Azərbaycanın ilk Universiteti Bakı Dövlət Universitetinin, həmçinin Tarix fakültəsinin yaradılması, fəaliyyəti, keçdiyi tarixi yol, bu günki vəziyyəti ilə bağlı məsələlər bir daha nəzərdən keçirilib, müzakirələr aparılıb.

Oktyabrın 9-da konfransın bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində gənclərin yubiley konfransına hazırladıqları təbrik xüsusi marağa səbəb olub. XX əsrin 30-cu illərində repressiyasının universitetə vurduğu ziyan, baş vermiş proseslərin təhsilə təsiri, BDU-nun ilkazərbaycanlı rektoru Tağı Şahbazi barədə səhnəcikdə tam əks olunub.

Yekun iclasında bölmə sədlərinin hesabatı və konfransın yekunları müzakirə edilib. Fakültənin yeni gerbi, bayrağı təqdim edilib. Konfransın yekunu olaraq Təşkilat komitəsi və könüllülərə təşəkkür edilib. Tədbir Azərbaycan elminin və təhsilin daim yüksəklərdə olmasını simvolizə edən şarların hava buraxılması ilə başa çatıb.

Əlavə edək ki, yubiley tədbirlərinin davamı olaraq keçirilən konfransda iştirak üçün respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən, Türkiyə Cümhuriyyəti və Ukraynadan 142 tezis daxil olub. Onlardan 34 tezis Elmi komitə tərəfindən seçilmişdir. Elmi komitəyə BDU mütəxəssisləri ilə yanaşı AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun araşdırmaçıları da daxil ediliblər.

Konf¬ransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universiteti, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, AMEA Elmi İrs Mərkəzi, AMEA Gəncə filialı, Türkiyə Cümhuriyyəti Erciyez Universiteti və Ukrayna T.Şevçenko adına Kiyev Milli Universitetindən olan professor-müəllim heyəti və gənc tədqiqatçılar (həmçinin, bakalavriat və magistratura səviyyəsində təhsil alan gənclər) iştirak ediblər.

Bookmark and Share