ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun Tarix fakültəsində “Elmi tədqiqat nədir və elmi tədqiqatın mərhələləri” mövzusunda seminar keçirilib.

15/02/2017

BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyası və TEC-nin təşkilatçılığı ilə Tarix fakültəsində Elmi tədqiqat nədir və elmi tədqiqatın mərhələləri mövzusunda seminar keçirilib. Seminarda Tarix fakültənin professor-müəllim heyəti, elmi işçilər, bakalavr, magistr və doktorantları, həmçinin elmi-tədqiqata marağı olanlar iştirak edib. Seminarın təşkilatçısı Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi t.f.d.Səidə Quliyeva Tarix fakültəsində gənclərin elmə maraqlarını nəzərə alaraq, elmi tədqiqatın mərhələləri və vacib prosedurların izahına ehtiyac olduğunu bildirdi. Eyni zamanda, kurs işi, buraxılış işi, magistr dissertasiyası, doktorluq dissertasiyası üzərində tədqiqat aparan gənclərin rastlaşdıqları problemləri sadaladı. Seminarda Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini prof.Sevda Süleymanova çıxışında fakültədə elmi işin təşkili, elmi tədqiqatlar zamanı rast gəlinən problemlər, materialları bir başa arxivlərdən əldə etməyin əhəmiyyəti barədə məsələri bildirib, həmçinin öz elmi təcrübəsindən nümunələr göstərib. Tarixşünaslıq, mənbəşünaslıq və metodika kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Ekspert komissiyasının sədri prof. Anar İsgəndərov çıxışında elmi tədqiqatlarda diqqət yetirilməli vacib məqamları - mövzunun aktuallığı, öyrənilmə səviyyəsi, elmi yeniliyi, əsas nəticələri və akademik yazı bacarıqlarına diqqət yetirməyi vurğulayıb. Tarixi faktlara yanaşmalarda obyektivliyin qorunmasına və tədqiqatlarda prosesin təsvirindən daha çox hadisələrin əhəmiyyətini izah etməyin vacib olduğunu bildirdi. Seminarın təşkilatçılarıdan olan Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dos.Mehman Abdullayev mənbələrin tapılması, onların tərcüməsinin əhəmiyyətli olduğunu bildirdi. Bu işin fars, ərəb, gürcü, erməni və digər dilləri bilən tarixçilər tərəfindən uzun illər və zəhmət nəticəsində ərsəyə gəldiyini bildirdi. Sonra isə seminarın praktik hissəsi başladı. T.f.d.Səidə Quliyeva elmi-tədqiqatın mərhələlərini geniş izah etdi, elmi-tədqiqat mövzusunun seçilməsi, planın qurulması, hipotezin qoyuluşu, tədqiqatların növləri və müvafiq strukturları, tədqiqatın yazılma mexanizmi, istinadların verilməsi qaydaları, plagiatla mübarizə, akademik yazı, redaktə barədə məlumat verdi. Sonda isə vacib və əhəmiyyətli akademik etik qaydaları izah etdi. Tarixşünaslıq, mənbəşünaslıq və metodika kafedrasının dosenti Sevinc Qasımova ilk olaraq seminarın əhəmiyyətini izah etdi, seminarda sadalanan prosedurlara münasibətini bildirdi. Tələbələrin elmi tədqiqatçı kimi formalaşması, xüsusilə xaricdə keçirilən beynəlxalq konfranslarda iştirak üçün hazırlanmalarının əhəmiyyətini, bu seminarın həmin prosesin tərkibi olduğunu vurğuladı. Mövzu seçiminin nə dərəcədə əhəmiyyətli olduğunu öz təcrübəsinə əsasən izah etdi. Sonda t.f.d.Səidə Quliyeva suallara cavab verilib və müzakirələr aparılıb.

 

Bookmark and Share