ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-nun kafedra müdiri, professor İradə Hüseynova BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni”nə layiq görülüb

15/05/2019

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq “Sokrat” mükafatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz mükafatının laureatı İradə Hüseynova 2019-cu il mayın 10-da BMT-nin Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına layiq görülüb.

Professor İradə Hüseynova dünya elminə və təhsilinə göstərdiyi xidmətlərinə görə, həmçinin BMT-nin Təltiflər Şurası tərəfindən “Avropa Xidmət Ordeni” ilə təltif edilib.

Tarixçi alim İradə Hüseynova görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifidir.

Onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.

Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərin – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа” (Bakı, 2010) adlı irihəcmli ensiklopedik nəşrin müəllifidir. Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib.

Professor İradə Hüseynovanın monoqrafiyaları, o cümlədən “Qafqazın tarixi ensiklopediyası” dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilib. Bu əsərlər dünya elmi ictimaiyyətində böyük maraq doğurduğuna görə onların yenidən əldə edilməsi üçün ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, eləcə də Avropa ölkələrindən alimin vətəninə sifarişlər gəlib. Onun monoqrafiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin – Almaniya, İngiltərə, Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas mənbə olmuşdur.

Fədakar, zəhmətkeş alim, dəyərli ziyalı, professor İradə Hüseynovanı bu günlərdə qazandığı növbəti nailiyyəti - BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona dövlətçiliyimizin inkişafında yeni-yeni böyük uğurlar arzu edirik.

Bookmark and Share