ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-da türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda konfrans keçirilib

18/05/2017

18-19 may 2017-ci il tarixdə BDU-da Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş "Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri" mövzusunda respublika elmi praktik konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, BDU-nun Sosial məsələlər və tələbələrlə iş üzrə prorektoru professor Sani Hacıyev, BDU Həmkarlar Komitəsinin sədri Fikrət Şiriyev, BDU rektorunun müşaviri professor İsmayıl Əliyev, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, Kitabxanaçılıq və İnformasiya fakültəsinin dekanı Azad Qurbanov, Abay mərkəzinin rəhbəri Fatimə Dursunova, Filologiya fakültəsinin kafedra müdiri Ramiz Əsgər iştirak etmişlər.

Özbəkistan Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şerzod Fayziev, səfirliyin müşaviri Cahangir Amirov, səfirliyin əməkdaşları Şahidə xanım, Aybek Ekremov, Qırğızıstan Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Aycigit Buranov, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin 3-cü katibi Hande Sevinc Apakan, Qazaxıstan Respublikasının Bakıdakı səfirinin müavini Tarxan Xuşabayev, AMEA-nın Arxeologiya institutunun direktoru professor Maisə Rəhimova, AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı Ekspert-yoxlama komissiyasının sədri, Azərbaycanda Elmi Irsin toplanmasi və sistemləsdirilməsi mərkəzinin rəhbəri tarix elmləri doktoru Zemfira Hacıyeva, AMEA Tarix İnstitutunun əməkdaşları, digər ali məktəblərin Türk xalqları kafedrasının əməkdaşları, müxtəlif müəssisələrdən konfransa gələn qonaqlar əvvəlcə fakültə, Türk xalqları tarixi kafedrası və Türk xalqları tarixinin tədris kabineti ilə tanış oldular.

Daha sonra foyedə qurulmuş stendlərdə Türk xalqları tarixi kafedrasının dərslikləri, fənn proqramları, metodik vəsaitləri, "Tarix və onun problemləri" jurnalı, həmçinin dərslərdə istifadə edilən türk xalqlarına aid nəşrlərdən ibarət stendlərlə tanış oldular. Konfrans üçün təşkil edilən bu stendlərdən biri Özbəkistan Respublikasının, digəri Türkmənistan Respublikasının Bakıdakı səfirlikləri tərəfindən qurulmuşdu. Hər iki səfirlik ortaq türk tarixi və mədəniyyətini müxtəlif kitablar, maddi-mədəniyyət nümunələri ilə nümayiş etdirirdilər. Özbəkistan respublikasına aid stend xüsusi marağa səbəb olub.

Konfransın rəsmi hissəsini tədbirin aparıcıları fakültəmizin tələbələri Zeybə Tağızadə və Mətin Məmmədov açdılar. Konfransı giriş sözü ilə açan universitetin rektoru akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışdı. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndirən rektor onun işinə uğurlar arzulayıb, Türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.

Tarix fakültəsinin dekanı dosent Azad Rzayev təbrik çıxışında konfransın əhəmiyyəti və məqsədləri barədə məlumat verib.

Türk xalqlarının tarixi kafedrasının müdiri professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universitetinin Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Təbrik çıxışlarında kafedranın fəaliyyətindən, elm və təhsil sistemindəki rolundan danışılıb.

Açılış mərasimində Bəxtiyar Bahabzadənin "Gülüstan" poeması və Məhəmmədhüseyn Şəhriyarın "Heydər babaya salam" poeması əsasında hazırlanmış səhnə göstərilib,

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Konfransın birinci günü məruzələr 6 bölmədə dinlənilib və müzakirələr aparılıb. Sonra məruzəçilərə iştirakçı sertifikatı təqdim edilib.

Mayın 19-da konfrans işini 6 bölmədə davam etdirmiş, sonra konfransın bağlanış mərasimi keçirilmişdir. Ümumilikdə, 12 bölmədə 4 dildə 57 məruzə dinlənilib. Konfransda alimlər və tədqiqatçılarla bərabər tələbələr də iştirak ediblər: 32 nəfər professor-müəllim, doktorant, 25 nəfər bakalavr və magistrant. Bağlanış toplantısında konfransın təşkilat komitəsinin və bölmə rəhbərlərinin hesabatı dinlənilib, bölmə rəhbərlərinə konfransın xatirə hədiyyələri təqdim edilib. Tarix fakültəsinin dekanı dosent Azad Rzayev, Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarova, Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri professor Qüdrət İsmayılzadə, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri professor Məmməd Fətəliyev konfrans haqda təəssüratlarını bölüşüblər. Daha sonra tələbələrin ifasında "Nağıl sevgimiz, yaxud kimdir müqəssir?" adlı mənsur şer dinlənilib. Konfrans öz işini havaya kafedranın yaşı sayda şarların uçurulması ilə yekunlaşdırıb.

Konfransda təqdim edilən məruzələrin elmi əhəmiyyəti nəzərə alınaraq dərsliklərin hazırlanmasına istifadə edilməsinə qərar verilib.

Bookmark and Share