ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb

30/01/2018

Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.

Rektor Abel Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Akademik Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu ifadə edib.

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın missiyasından, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı əsas götürərək, Azərbaycanın bütün rayonlarında flaqman ali təhsil ocağının yetirmələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş 100 tədbirin 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyun ayınadək keçirilməsi, tədbirlərdə BDU-nun alim və mütəxəssislərinin iştirakı, sonda 100 görüşü əks etdirən kitabın nəşri və bütün bunların ölkə başçısının sərəncamı ilə elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə böyük töhfə olacağı bildirilib. Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədova “Universitetin Dostu” mükafatı təqdim edilib.

Bookmark and Share