ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Arzu Məmmədova Türkiyədə konfransda məruzə ilə çıxış edib.

07/10/2019

16-17 sentyabr 2019-cu il tarixində Türkiyənin İğdır şəhərində İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib.

Konfrans öz işinə 16 sentyabr tarixində Türkiyə - Ermənistan sərhəddində yerləşən dəniz səviyyəsindən 2590 metr yüksəklikdəki Təkaltı dağına yürüşlə başlamışdır. Yürüşçülər Azərbaycan və Türkiyənin 10 metr uzunlugunda dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırıblar. Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımız Təkaltı dağının zirvəsində dalğalanıb. Qeyd edək ki, Tuzluca rayonundan Təkaltı dağına gedən yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.

Sentyabrın 17-də isə rəsmi şəxslər, yerli ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçilərinin qatıldığı konfrans işini davam etdirib. Açılış mərasimində Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar çıxış ediblər.

Sonra BDU-nun Tarix fakültəsinin dosenti Arzu Məmmədovanın, AMEA-nın Tarix İnstitutunun əməkdaşı dosent İlqar Niftəliyevin və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın geniş məruzələri dinlənilib. Dosent Arzu Məmmədovanın məruzəsi Azərbaycanın dövlətçilik tarixi, 1918-ci ildə Cümhuriyyətimizin qurulması məsələlərinə həsr edilib.

Digər məruzəçilər Qafqaz İslam Ordusunun böyük rəşadətlə xalqımızın köməyinə gəlməsindən, Bakının azad edilməsindən, Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edilib. İki gün davam edən və maarifləndirici xarakter daşıyan konfrans işgüzar şəraitdə keçib.

Bookmark and Share