ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrası nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-nin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Novruzova Gülzar Tofiq qızı dünyasını dəyişib.

23/10/2017

Gülzar Tofiq qızı Novruzova 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1978-1984-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1979-cu ildən Tarix fakültəsində çalışıb. 1988-1991-ci illərdə Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, Azərbaycan Təhsil Nazirliyi Kollegiyasının üzvü olub. 1992-ci ildə “Azərbaycanın tarixi demoqrafiyası” ETL-nə elmi işçi vəzifəsinə keçirilib.

2013-cu ildən “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrası nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-də aparıcı elmi işçi vəzifəsində çalışıb. “Rusiya Federasiyasında Azerbaycan diasporu: tarixi-demoqrafiya problemləri (1989-2002-ci illər)” mövzusunda dissertasiyasını müdafiə edib və 2011-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Gülzar xanım Novruzova Azərbaycanda ilk dəfə Rusiyada, Qazaxıstanda və Ukraynadakı Azərbaycan diasporunun formalaşması mövzusunun tədqiqatçısı olub. “Azərbaycanın Rusiyadakı diasporunda kim kimdir” (rus dilində) adlı monoqrafiyanın və 30-dan artıq elmi məqalənin, 1 tezisin müəllifi olub. Onun 7 məqaləsi Rusiya Federasiyasında, Ukrayna və Gürcüstan Respublikalarının, Ankara Universitetinin (Türkiyə Cumhuriyyəti) nüfuzlu elmi jurnallarında dərc olunub. Respublikada və xaricdə keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib. İngiltərənin Beynəlxalq Elmlər Akademiyası və Ali Təhsil proqramlarının “Elmi analitik üzrə regional, milli, kontinental və dünya birinciliyi” layihəsi çərçivəsində Ukraynada keçirilən beynəlxalq elmi konfransda “Азербайджанцы Украины: проблемы исторической демографии” adlı məruzə ilə çıxış edib. İkinci monoqrafiyasını çapa hazırlayırdı.

2016-2017-ci ildə BDUdaxili 50+50 qrant layihəsinin qalibi olub. BDU-da çalışdığı müddətdə universitetin ictimai həyatında fəal iştirak edib. Universitetin professor-müəllim və tələbə heyətinin hörmətini qazanıb. Fakültə Elmi Şurasının üzvü olub.

Allah rəhmət eləsin!

Bookmark and Share