ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“Tarixçi-Alimlərimiz” professor İradə Hüseynova

23/05/2019

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçi-Alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova olmuşdur. BDU-nun Tarix fakültəsinin müəllim və tələbə heyətinin, eyni zamanda həmin fakültəni bitirən tanınmış elm və siyasət adamlarının iştirakı ilə baş tutan görüşü açıq elan edən Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov tədbir iştirakçılarını salamladı və İradə Hüseynovanın Azərbaycan elminə, xüsusilə tarix elminə verdiyi töhfələrdən, ictimai-siyasi fəaliyyətindən, elmi yaradıcılığından geniş bəhs edərək bildirdi ki, onun yorulmaz fəaliyyəti gənclərimizə nümunə olmaqla yanaşı, daha səylə çalışmalarına stimuldur.

Söz layihənin rəhbəri dosent Azad Rzayevə verildi. Azad Rzayev tələbə-müəllim heyətini salamladı, bugünki görüşün professor İradə Hüseynovanın həyat yoluna, elmi-pedaqoji və ictmai-siyasi fəaliyyətinə həsr olduğunu qeyd etdi. Onun görkəmli dövlət və siyasi xadim, Ümummilli Lider Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiya işinin müəllifi olduğunu bildirdi. Sonra sözü professor İradə Hüseynovaya verdi.

İradə Hüseynova görüş iştirakçılarına ətraflı məlumat verərək qeyd etdi ki, BDU onun üçün doğma bir ocaqdır və 17 yaşından başlayaraq həyatının ən önəmli anlarını bu ali təhsil müəssisəsindən yaşamağa başlayıb. O, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Onun tarix elminə olan hədsiz marağı sonradan ictimai siyasi və elmi fəaliyyətinə də böyük təkan verib. Belə ki, Universitetdə yüksək fəallığı ilə seçilən İradə Hüseynova Tarix fakültəsinin əyani şöbəsinin hələ II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, Universitetin həmkarlar təşkilatının sədr müavini vəzifəsinə seçilmiş, 1981-1989-cu illərdə bu vəzifədə çalışmışdır.Ali təhsil aldığı dönəmdə ilk dəfə Ulu Öndər Heydər Əliyevlə görüşdüyünü xatırladan İ.Hüseynova bildirib ki, tələbə ikən onlar ölkənin kənd təsərrüfatının inkişafına yardım məqsədi ilə pambıq yığımına və s. işlərə cəlb olunaraq, əmək fəaliyyətlərini şaxələndiriblər.

Məhz həmin ərəfədə onun rəhbəri olduğu tələbə heyəti respublika üzrə birinciliyi qazanıb. Bundan sonra Azərbaycan MK-dən BDU-ya məktub göndərilib ki, o, hazırda Heydər Əliyevin adını daşıyan, o dövrlərdə isə Respublika Sarayında çıxış edəcək. Öncə həyəcan keçirdiyini, sonradan isə, belə bir məsuliyyətli işin öhdəsindən şərəflə gəldiyini deyən İ.Hüseynova həmin iclasda Ulu Öndər Heydər Əliyevin də iştirak etdiyini qeyd edərək, dahi şəxsiyyətin onun çıxışına diqqətlə qulaq asdığını deyib. Lakin onun daha sonra bir neçə dəfə Azərbaycan xalqının Ümummilli Lideri ilə görüşü olacaqdı və İ.Hüseynova bu barədə də görüş iştirakçılarına bəhs etdi.

Heydər Əliyevin tədqiqatçısı kimi deyə bilərəm ki, onun hakimiyyətinin hansı dövrünə nəzər salsaq, hər bir mərhələ səciyyəvidir, maraqlıdır, öz xalqı, dövlətinə bağlılığı ilə fərqlənir. Doktorluq dissertasiyasını yazarkən, dərk edirdim ki, üzərimə çox böyük məsuliyyət düşür. Ümummilli lider Heydər Əliyev haqqında kimsə elmi əsər yazmaq istəyirsə, sanballı tədbiqat işi olmasını qarşıya məqsəd qoyursa, hər şey ölçülüb biçilməli, arqumentlərə, faktlara, onun gördüyü real işlərə söykənməlidir. Bu gün fəxr edirəm ki, dissertasiyamı ulu öndər Heydər Əliyevin birbaşa xeyir-duası ilə yazmışam. İradə xanım bu əlavəni də etmişdir ki, işləri yekunlaşdırmaq ərəfəsində özümdə belə bir ehtiyacı duydum ki, ərsəyə gələcək tədqiqatın daha dolğun, daha hərtərəfli olması üçün bilavasitə tədqiqat obyekti olan ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən istifadə edim. Bununla bağlı ulu öndər Heydər Əliyevə müraciət etdim.

Dərhal müvafiq tapşırıqlar verdi ki, lazım olan sənədlər tədqiqatçının ixtiyarına verilsin. Mən də üzərimə düşən vəzifəni yüksək səviyyədə icra etməyə çalışdım və ulu öndər Heydər Əliyevin şəxsi arxivindən istifadə etdiyim sənədləri ilk dəfə elmi dövriyyəyə daxil etdim. Bir tədqiqatçı olaraq ulu öndər Heydər Əliyevin şəxsi arxivindən istifadə etmək imkanının ilk dəfə mənə nəsib olmasından qürur duyuram. Tarixçi-alim ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətlənməsi istiqamətində ardıcıl, dinamik fəaliyyət göstərdiklərini qeyd edərək bildirdi ki, bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlı möhtərəm Prezidentimizin yanındadır və onun ətrafında sıx birləşərək gələcəyə doğru inamla irəliləyir.

Cənab İlham Əliyev bu gün Heydər Əliyevin ideyalarının carçısı, o ideyaları reallaşdıran qüdrətli bir şəxsiyyətdir. Azərbaycan gələcəkdə də müstəqil, demokratik, sivil dövlət olaraq dünyada özünü tanıdacaq, etibarlı tərəfdaş, pespektivi olan bir dövlət kimi təsdiq edəcək və hər zaman böyük dövlətlərin marağında olacaq ki, ölkəmizlə münasibətlər qurulsun, böyük layihələr həyata keçirilsin. Azərbaycanın gələcəyi çox parlaqdır. Çünki bu gün Azərbaycana rəhbərlik edən şəxsiyyət Heydər Əliyev ocağından bəhrələnən, onun ideyalarının qüdrətli daşıyıcıçı, siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevdır. Biz alimlər, ziyalılar cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməli, Ona öz əməli fəaliyyətimizlə dəstək olmalıyıq.

Azərbaycan Respublikası təhsil nazirinin müavini işlədiyi zaman Azərbaycanın ali təhsil sisteminə, elm sahəsinə, Azərbaycan Respublikasında təhsilin idarə olunmasına, təhsilin strategiyasının müəyyənləşdirilməsinə, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, təhsildə İKT-nin tətbiqinə, təhsilin idarə olunmasında məlumat sisteminin yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə, inklüziv təhsilə, təhsil sistemində gender məsələlərinin həllinə və s. kimi sahələrə rəhbərlik edərək, bir çox uğurlara imza ata bildim", deyə qeyd edən İ.Hüseynova əldə edilən hər bir nailiyyətdən sonsuz qürur hissi keçirdiyini vurğulayıb.

Azərbaycan Respublikasının İşlər İdarəsinin Siyasi sənədlər arxivinin elmi katibi Həcər Verdiyeva görüşün əhəmiyyətindən bəhs edərək İ.Hüseynovanın elmi, siyasi yaradıcılığının hədsiz dərəcədə tarixi araşdırmaçılıq elminə böyük töhfə verdiyini vurğuladı və ona ürək sözlərini bildirərək uğurlar arzuladı. Millət vəkili İlham Məmmədov professor İradə Hüseynova haqqında Qafqaz xalqlarının tanıdılmasına töhfələr verdiyini deyərək, onun həm də elmin, təhsilin inkişafında yorulmaz fəaliyyət göstərdiyini vurğuladı. O İradə Hüseynovanın müəllifi olduğu Qafqaz ensiklopediyasının çox dəyərli bir araşdırma olduğunu və özünün də o ensiklopediyadan faydalandığını qeyd etdi.Azərbaycan Respublikası Qadınlar Şurasının üzvü, Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və tarix elmləri doktoru Qasım Hacıyev İradə Hüseynovanın içtimai, siyasi , çoxşaxəli elmi fəaliyyətindən danışaraq onun həm də insani keyfiyyətləri ilə gənclərə örnək insan olduğunu bildirdilər.

Tədbirdə iştirak edən İradə Hüseynovanın doktoranı Yeganə Baxşıyeva bütün doktorantların adından onlara göstərilən diqqət və qayğıya görə ona dərin təşəkkürlərini bildirdi.Qafqaz xalqları tarixi kafedrasının magistrantları Cavadova Ziba, Qurbanova Günel, Vahidli Aytac və digərləri çıxış edərək görüşün çox böyük məna daşıdığını qeyd etdilər.Görüşdə iştirak edən tələbələr üçün bu görüşün çox böyük məna və səciyyə daşıdığını qeyd etdilər.

Görüşdə İradə xanımın bədii yaradıclığından da bəhs edən videorolik nümayiş etdirilib.Sonda isə, professor İ.Hüseynovanın elmi əsərləri görüş iştirakçılarına hədiyyə olaraq təqdim edilib, tələbə və müəllim heyəti ilə xatirə fotoları çəkilib.

Bookmark and Share