ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

28 May - Respublika Gününə həsr olunmuş UNUTMAYACAQ adlı vebinar keçirilib

29/05/2020

Vebinar Azərbaycanın dünyada tanıdılması və təbliğində çox böyük ximətləri olmuş Rəşid Behbudovun ifa etdiyi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə əlaqəli olan “Lalələr” mahnısı ilə başlayıb. TDGTD-nin rəhbəri Sevinc Ruintən vebinarla bağlı məlumat verərək tədbiri açıq elan edib. Azərbaycan himninin səsləndirilməsindən sonra iştirakçılar haqda məlumat verildi. BDU SABAH Mərkəzinin koordinatoru dosent İradə Süleymanova və Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova tədbir iştirakçılarını salamlayıb, 28 May Respublika günü münasibəti ilə təbrik ediblər, tədbirin əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdə rolu, türk xalqları və region üçün bu dövlətin əhəmiyyəti barədə danışıblar və tələbələrə dərslərində, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. Dosent Sevinc Ruintən bildirib ki, tədbirin təşkilatçısı olan “Türk Dünyası gənc tədqiqatçılar dərnəyi” 2004-cü ildən Tarix fakültəsi Türk xalqları tarixi kafedrasının nəzdində fəaliyyət göstərir.

Dərnək tələbələrin elmi araşdırmalara cəlb edilməsi, həmçinin yaradıcılıq bacarıqlarının üzə çıxarılması istiqamətində müntəzəm olaraq tədbirlər həyata keçirir. Dərnəyin fəaliyyətinin ən mühüm göstəricilərindən biri bakalavr və magistrantların məqalələrinin dərc edildiyi “Türk Dünyası gənc tədqiqatçılar dərnəyinin Araşdırmaları” jurnalıdır. Jurnal “Türk xalqları tarixi” kafedrasının təqdimatı ilə Tarix fakültəsi Elmi Şurasının qərarı ilə ildə 1 dəfə nəşr edilir. Jurnalda Tarix fakültəsinin gənc tədqiqatçıları ilə yanaşı digər fakültələrdən, hətta türk dünyası ilə əlaqədar tədqiqat aparan Polşa, Türkiyə və Qazaxstandan olan gənclərin də məqalələri dərc edilir. SABAH qruplarının tələbələri dərnəyin işində fəal iştirak edirlər. Həmçinin, jurnalın hər nömrəsində çap edilən məqalələrin müəllifləri arasında SABAH qrupundan olan tələbələr çoxluq təşkil edir. Jurnalın hər nömrəsi tariximizdə əlamətdar olan bir hadisəyə həsr edilir. İlk nömrə Türk xalqları tarixi kafedrasının yaranmasının 25 illiyinə, 2-ci nömrə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə, 3-cü nömrə isə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə, bu il nəşr edilən 4-cü nömrə isə II dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr ediləcək. Hazırda üzərində tamamlama işləri aparılan 4-cü sayda da SABAH Qrupu tələbələrinin məqalələri dərc ediləcək. 28 May – Respublika Gününə həsr edilmiş vebinar həmin məqalələrdən biri olan SABAH Qrupu tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Fizzə Məmmədovanın “Türk savaş sənətində psixoloji və hərbi taktikalar” adlı məqaləsinin təqdimatı əsasında təşkil edilib (elmi rəhbərlər: Türk xalqları tarixi kafedrasının dosenti, SABAH Qrupu müəllimi, TDGTD-nin rəhbəri dosent Sevinc Ruintən və TDGTD-nin üzvü Alı Çırak). Təqdimatda “türk savaş sənəti”, “savaş sənəti və dövlətçilik”, “Qurd qapanı”, “psixoloji savaş”, “türklərdə tərbiyə”, “saxta ricət”, “türklərdə əxlaq” və s. məsələlər haqqında maraqlı məlumatlar verilib. Ali Çırak və Fizzə Məmmədova iştirakçılarla birlikdə “Müasir türk gənci necə olmalıdır?” sualına cavab axtarıblar.
Daha sonra SABAH Qrupu Tarix müəllimi ixtisası üzrə tələbələri Əsmər Sərkərovanın (II kurs) ifasında Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısı, Simarə Məmmədovanın (III kurs) təqdimatında yenə Əhməd Cavadın “Susmaram” şeri dinlənilib.

 

 

 

 

Bookmark and Share