ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi - Prezidentin köməkçisi professor Dilarə xanım Seyidzadə olub

24/05/2019

Layihənin rəhbəri dosent Azad Rzayev yubiley tədbirləri barədə qısa məlumat verib və qonağı təqdim edib. Bildirib ki, layihənin bu günkü qonağı Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi professor Dilarə xanım Seyidzadə Tarixfakültəsinin 1961-ci il məzunudur. Dilarə xanım tarixçi alim olmaqla yanaşı həm də çox maraqlı həyat yolu keçib. Elmi araşdırmalarında XX əsrin əvvəllərində müstəqilliyə aparan yolu tədqiq edib, II dünya müharibəsi illərində Cənubi Azərbaycanda milli hərəkatın canlı şahidi olub, XX əsrin sonundan başlayaraq müstəqil dövlət quruculuğu prosesində bilavasitə iştirak edir.

Professor Dilarə xanım Seyidzadə həyat və fəaliyyəti, təhsil illəri barədə verib. Bildirib ki, universitet illərində sadəcə lazımi biliklər qazanılır, tarixçi kimi formalaşmağa isə görkəmli tarixçilərin təcrübəsinin öyrənilməsi, onlarla birlikdə çalışmaq imkanı mühüm təsir göstərir. Tarixçi gənclərə tədqiqat mövzusunu müəyyənləşdirərkən çətinliyə və maneələrə baxmayaraq, Vətən üçün faydalı mövzular seçməyi tövsiyə edən Dilarə xanım Seyidzadə SSRİ-nin mövcudluğu illərində, milli maraqlara uyğun tədqiqatların aparılmasının çətin olduğu bir zamanda özünün mövzu seçimi və Moskvada müdafiəsi prosesində qarşılaşdığı maneələr barədə məlumat verib. Eyni zamanda, Vətən tarixinin öyrənilməsinin vacibliyindən, müstəqil dövlətimiz üçün tarixçi ixtisasının əhəmiyyətindən danışaraq fakültə rəhbərliyinə tələbələr üçün ölkəni tanıtmaq və abidələri öyrətmək məqsədilə səfərlər təşkil etməyi tövsiyə edib.

Məruzədən sonra Dilarə xanım Seyidzadə görkəmli dövlət xadimi Heydər Əliyevlə əlaqədar xatirələri, mənbələrlə iş, tarixçilər üçün xarici dil biliyinin üstünlüyü ilə bağlı fakültənin professor-müəllim və tələbə kollektivinin suallarını cavablandırıb.

Azad Rzayev professor Dilarə xanım Seyidzadəyə görüşdə iştirakına görə kollektiv adından təşəkkürünü bildirib və qarşıdan gələn yubileyi münasibətilə təbrik edib.

Qeyd edək ki, professor Dilarə xanım Seyidzadə 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsinin tələbəsi olub. Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda başlayıb. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin köməkçi vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisidir.

Əlavə edək ki, Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilən “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi mart ayından başayıb. Layihənin rəhbəri dosent Azad Rzayev, müəllifi dosent Səidə Quliyeva, koordinatorları dosent Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Mais Günəşlidir.

Bookmark and Share