7 may 1934-cü ildə anadan olmuşdur. 1951-ci ildə əmək fəaliyyətinə başlamış, 1958-ci ildə Bakı Dövlət Universitetin Tarix fakültəsini bitirdikdən sonra təyinatla AEA Tarix İnstitutuna göndərilmişdir. 1958-ci ildən 1990-cı ilədək orada kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksəlmişdir. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə professor adına layiq görülmüşdür. Sənaye və kənd təsərrüfatında kapitalist münasibətlərinin yaranması, eləcə də inkişafı problemi ilə məşğul olmuşdur. 1990-cı ildən Şərqi Avropa xalqları tarixi (2001-ci ildən Slavyan ölkələri tarixi) kafedrasının professoru, 1993-cü ildən 2014-cü il may ayının 26-dək həmin kafedranın müdiri vəzifəsində işləmişdir. 1970-1973-cü illərdə Tarix İnstitutunun elmi katibi olmuş, 1993-1997-ci illərdə Təhsil Nazirliyi nəzdindəki Elmi-Metodik Şuranın, 1995-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Tarix, ilahiyyat, fəlsəfə, psixologiya və pedaqogika” elmləri üzrə Ekspert Şurasının, 2007-ci ildə Tarix və siyasi elmlər Ekspert Şurasının sədri, 2005-ci ildən 2014-cü ilə kimi “Bakı Universitetinin Xəbərləri” (humanitar elmlər seriyası) jurnalının redaktoru olmuşdur. “Əməkdar müəllim” fəxri adı almışdır. 2004-cü ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir. Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.