ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

QAZIYEV MƏMMƏDƏMİN ADİL OĞLU (1914-1982) Tarixçi

1914-cu il noyabrın 12-də İrəvan şəhərində anadan olmuşdur. M.Qazıyev 1930-cu ildə Bakıda or­ta məktəbi bitirdikdən sonra Bakı şəhər Arxiv idarəsində şöbə müdiri vəzifəsində işləməyə başlamışdır. 1933-1934-cu illərdə M.N.Pokrovski adına Moskva Tarix-Arxiv İnstitutunda təhsil almışdır. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra Azərbaycan tarixi kafedrasında saxlanılmışdır. 1937-ci ildən elmi məqalələrlə çıxış etməyə başlamışdır. M.Qazıyev II Dünya müharibəsi illərində geniş elmi və təbliğat işi aparmışdır. 1943-1944-cu illərdə M.Qazıyev Partiya Tarixi İnstitutunun Böyük Vətən müharibəsi şöbəsinə rəhbərlik etmişdir. Şöbə Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakına dair sənədləri yığıb sistemə salmaqla məşğul olmuşdu. 1944-cu ildə M.Qazıyev Moskvaya, SSRİ Xalq Xarici İşlər Komissarlığı nəzdindəki diplomatiya işçiləri kursuna göndərilmişdir. Kursu bitirdikdən sonra Azərbaycan SSR Xalq Xarici İşlər Komissarının köməkçisi vəzifəsinə təyin olunmuşdur. M.Qazıyev 1945-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1946-cı ildə dosent elmi adı almışdır. O, doktorluq dissertasiyasını 1960-cı ildə Tbilisi Dövlət Universitetində müdafiə etmiş və 1961-ci ildə ona professor elmi adı verilmişdir. 1961-ci ilin aprelindən 1962-ci ilin mayına qədər M.Qazıyev Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləmiş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1962-ci ilin mayından yenidən pedaqoji və elmi işə qayıdan M.Qazıyev ADU-nun Azərbaycan tarixi kafedrasında professor vəzifəsində çalışmışdır. 1970-1977-ci illərdə ADU-nun Tarix fakültəsinin dekanı vəzifəsində iş­lə­mişdir. O, Daşkənd, Lvov, Tbilisi, Riqa, Moskva, Ujqorod və başqa şəhərlərdə keçirilən elmi konfranslarda məruzə və məlumatlarla çıxış etmişdir. Elmi və pedaqoji fəaliyyəti illərində M.Qazıyev elmi kadrların hazırlanması işi­nə böyük əmək sərf etmişdir. O, 60-dan artıq namizədlik və doktorluq disserta­si­yasına rəhbərlik etmiş, opponenti olmuşdur. M.Qazıyev Azərbaycan tarixinin müx­təlif məsələlərinə, dövlətin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinə dair 350-dən artıq elmi məqalə, kitabça, kitab və monoqrafiyaların müəllifi olmuşdur. 1980-ci ildə M.Qazıyev Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1982-ci ildə Respublikanın Əməkdar Elm xadimi fəxri adlarına layiq görülmüşdür.

Bookmark and Share