ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

PAXOMOV YEVGENİY ALEKSANDROVİÇ (1880-1965) Arxeoloq, numizmat

1880-ci ildə Stavropolda anadan olmuşdur. 1876-cı ildə Tiflisdə gimnaziya bitirmişdir. 1900-cu ildə Sankt-Peterburq Arxeologiya İnstitutunu, 1902-ci il­də Texniki İnstitutu bitirmişdir. 1902-1916-cı il­lərd­ə Zaqafqaziya Aksiz idarəsində mühəndis və­zi­fəsində işləmiş, Qars-Ərdahan-Ərzurum dəmir yolunun çəkilişində hərbi-mühəndis kimi iştirak etmişdir. Həmin dövrdə Cənubi Qafqazın müxtəlif şəhərlərinə səfər edib qədim abidələri öyrənirdi.

1919-cu ildə Bakıya köçmüş və burada Azərbaycan tarixi muzeyinin təşkilində iştirak etmiş və ömrünün sonuna qədər muzeylə əlaqələrini qorumuşdur. 1920-ci ildə Bakı Dövlət Universitetinin Müsəlman şərqini öyrənən Elmi Cəmiyyətinin üzvü seçilir və həmin vaxtdan BDU-da pedaqoji fəaliyyətə başlayır. Azərbaycan tarixi, Şərq ölkələrinin numizmatikası və arxeologiyadan mühazirələr oxumuşdur. 1922-1954-cü illərdə Arxeologiya və numizmatika kafedrasının müdiri, 1941-ci ildən həmin kafedranın dosenti, 1946-ci ildən professoru vəzifələrində çalışmışdır.

1955-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1962-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. 1933-1965-ci illərdə AEA-nın Tarix, arxeologiya etnoqrafiya institutunun elmi işçisi olmuşdur. Azərbaycanda numizmatika elminin əsasını qoymuşdur. Bir çox arxeoloji ekspedisiyalara rəhbərlik etmişdir. 100-dən artıq elmi əsərin müəllifi olmuşdur. Əsərləri tapılan xəzinələrə və Qafqaz numizmatikasına həsr edilmişdir. Onun bir sıra tədqiqat istiqamətləri elmdə ilk dəfə öyrənilən mövzular olmuşdur.

E.Paxomovun ölümündən sonra kolleksiyası vəsiyyəti əsasında 4 hissəyə – Azərbaycan Tarixi Muzeyi, Gürcüstan Dövlət muzeyi, Dövlət Ermitajı və Moskvada yerləşən Dövlət Tarix Muzeyi arasında bölünmüşdür. Hazırda onun 65 il ərzində əldə etdiyi numizmatika fondu Bakı, Tbilisi, İrəvan, Moskva və Sankt-Peterburq muzeylərinin fondlarında saxlanılır. 1945-ci ildə “Şərəf ordeni”, 1960, 1965-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdir.

Bookmark and Share