26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur. Həmin şəhərdə orta məktəbi fars dilində bitirmişdir. 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmişdir. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına pənah gətirmişdir. 1952-ci ildə Gəncə şəhərində H.Zərdabi adına Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. 1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsində kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1945-1946-cı illər Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etdiyinə görə “21 Azər” medalı ilə təltif olunmuşdur. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə sanballı monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.