ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MAHMUDOV YAQUB MİKAYIL OĞLU (1939) Tarixçi

1939-cu ildə anadan olmuş, 1956-1962-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə namizədlik, 1989-cu ildə Moskva Dövlət Universiteti Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA-nın müxbir üzvüdür. Əməkdar elm xadimidir. Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, Elmi işlər üzrə Baş redaktor müavini, “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, dosenti, Bakı Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti, müdiri (1991-ci ildən indiyədək), Tarix fakültəsinin dekan müavini, dekanı (1986-1990; 1994-2005), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini (1992-1993) vəzifələrində çalışmışdır. 2004-cü il sentyabrın 13-dən AMEA Tarix İnstitutunun direktorudur. Azərbaycan tarixinə dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin, irihəcmli tərcümələrin müəllifidir. İki cildlik ”Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktoru və ”Naxçıvan Ensiklopediyası” Redaksiya Heyətinin üzvüdür. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə fundamental “Qarabağ tarixi” (6 dildə), “Naxçıvan tarixi” (2 dildə), “İrəvan tarixi” (4 dildə), “Tarixi adlara qarşı soyqırımı” (2 dildə), “Azərbaycan Tarixi Atlası” işıq üzü görmüşdür. “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” kitabı Nyu-Yorkda və Moskvada, “Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında)”, “Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı – XIII əsrin əvvəli)” monoqrafiyaları Los-Ancelesdə, “Azərbaycanın qısa dövlətçilik tarixi” kitabı Pakistanda və Ukraynada, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiyası Ukraynada nəşr edilmişdir. Bir sıra nüfuzlu beynəlxalq simpoziumlarda iştirak və çıxışlar etmişdir. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. “Şöhrət” ordeni, “Şərəf” ordeni, Dövlət Mükafatı laureatı, “Ataman Anton Qolovatıy” ordeni və bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır (II, III, IV çağırışlar).

Bookmark and Share