ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

HEYDƏR ƏLİYEV

“Bakı Dövlət Universitetinin böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirib. Lakin tam məsuliyyətlə demək olar ki, Bakı Dövlət Universitetinin ən böyük məzunu, öz xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcədə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri Heydər Əlirza oğlu Əliyevdir. Bakı Dövlət Univer­siteti­nin Heydər Əliyev qədər həm bütün Azərbaycan xalqının, həm də Universitetimizin şöhrətini yüksəklərə qal­dıran, millətinə xidmət göstərən ikinci məzunu yoxdur!” 


Akademik A.M.Məhərrəmov 

Bakı Dövlət Universitetinin rektoru


 Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memar­lıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini basa çatdırmağa imkan verməmişdir.
 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İslər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almışdır. 1957-ci ildə isə Azər­baycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışaraq 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.  Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Bununla, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. Heydər Əliyev AKP MK-nın avqust (1969) plenumundakı məruzəsi ilə respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artır­mağın yeni xəttini müəyyən etmişdir. Bu xətt Heydər Əliyevin sonrakı məruzə və çıxışlarında daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırmış, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərar olunması uğrunda uzunmüddətli mübariz fəaliyyət proqramına çevrilmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlamış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin, istiqamətlərinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Nəticədə, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykök əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. Nəticədə, 1970-1980-ci illərin birinci yarısı respublikanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur.  Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi tərkibində fəaliyyət göstərdiyi dövrdə xalq təsərrüfatına rəhbərliyin bütün sahələrində tükənməz dövlət idarəçiliyi istedadı nümayiş etdirmiş, xüsusilə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına böyük qayğı göstərmişdir. Heydər Əliyev dövlətçilik fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız SSRİ məkanında deyil, həmçinin bütün dünyada tanıdılması üçün əlindən gələni etmişdir. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.  1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.  1990-cı ilin iyulunda Azərbaycana qayıdaraq əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin il Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.  1993-cü ilin may-iyun aylarında hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilmişdir. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. Bununla, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev oktyab­rın 10-da andiçmə mərasimində xalqa müraciət edərək demişdir ki, “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.  Zəngin, hərtərəfli və dərin tarixi biliyə malik olan Heydər Əliyev doğma tarixin doğru-düzgün araşdırılması, öyrədilməsi və təbliğ olun­masını daim diqqət mərkəzində saxlamış, bu mühüm sahəyə böyük qayğı göstərmiş, metodoloji göstərişləri və apardığı çox dəyərli ümumiləşdirmələrlə tarix elminin inkişafına güclü təkan vermişdir. Onun müxtəlif tarixi hadisələr, proseslər, görkəmli tarixi simalar barədə çıxışları, məruzələri, irəli sürdüyü dövrləşdirmələr, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası (1997, 18 dekabr) və soyqırımı (1998, 26 mart) haqqında fərmanları, “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” və “31 Mart – azərbaycanlıların soyqırımı günü” münasibətilə Azərbaycan xalqına müraciətləri (2000, 29 dekabr və 2001, 27 mart) və s. bunun parlaq nümunələridir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizəd­liyinin irəli sürülməsinə razılıq vermiş, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.  Heydər Əliyev SSRİ dövründə Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrə­manı adına (1979, 1983) layiq görülmüşdür. Həmçinin, xarici ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və İş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, nüfuzlu televiziya kanallarından biri – “Nərgiz TV”nin apardığı rəy sorğu­suna görə planetimizin siyasi xadimləri arasında “Dünyada ilin adamı” fəxri adına (1997), “İpək Yolu Fondu”nun təsis etdiyi “İpək yolu Xidmət Mükafatı”na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüş­dür. Dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə Heydər Əliyev “Qızıl fortuna” Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı – “Qızıl Ulduz” ilə təltif olunmuşdur (2001).  Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend şəhərində vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.  Bildiyimiz kimi, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Tarix fakültəsinin məzunudur, onun təhsil aldığı ixtisaslardan biri də tarixdir. Bu dahi şəxsiyyətin nitqlərinə, xalqa müraciətlərinə, fərmanla­rının mətninə diqqət yetirsək, Azərbaycan tarixinin, xüsusilə XX əsrinin 70–80 illik tarixinin hər səhifəsinə aid məlumatlarla tanış oluruq. Heydər Əliyev tarixin doğru-düzgün araşdırılması, öyrədilməsi və təbliğ olunmasını daim diqqətdə saxlamış, metodoloji göstərişləri və apardığı ümumiləşdirmələrlə tarix elminin inkişafına güclü təkan vermişdir. Ziyalılar və elm xadimləri ilə görüşlərində tarix elmi qarşısında öyrənilməsi və xalqa çatdırılması, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunması üçün əhəmiyyətli, vacib olan tarixi məqamları və tarixi problemləri onlara vəzifə borcu olaraq xatırlatmışdır. Onun əsərlərində göstərilən faktları nəzər keçirsək, XX əsr tarixinin dövrləşdirilməsi, tarixi baxışları Azərbaycan tarixinin bu səhifələrinin, hətta bir çox aktual problemlərin yenidən tədqiq edilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu görürük. Xüsusilə, ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü tarixinə düzgün qiymət verilməsini, arxiv sənədlərinin açılması və tədqiqatların aparılmasının zəruri olduğunu dəfələrlə qeyd etmişdir. 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasının ziyalıları, 2000-ci il fevralın 11-də BDU-nun 80 illik yubileyi münasibətilə professor-müəllim heyəti ilə görüşləri zamanı tarix elminin vəziyyətini təhlil etmiş və Azərbaycan tarixinin yenidən obyektiv öyrənilməsinin, araşdırılmasının zəruri olduğunu əsaslandırmışdır: “...Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, müəyyən vaxtlar­da onu zəiflətmək, gücləndirmək, məcrasından çıxarmaq olar... Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi təsir göstərmək mümkün deyildir. Bu, tarixdir.” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və III minillik münasibətilə Azərbaycan xalqına müra­ciətində XIX–XX yüzilliklərin tarixinə xüsusi diqqət yetirilir. Heydər Əliyevin XX əsrin tarixini araşdırması, onun ayrı-ayrı dövrlərinə, hadisələrinə, proseslərinə qiymət verməsi, əslində, gələcəkdə həmin tarixin doğru-düzgün işıqlandırılması üçün çox qiymətli bir ilk mənbə, istiqamətverici elmi xəzinədir. Bu ümumiləşdirici tədqiqatın dövlət rəhbəri tərəfindən araşdırılması xüsusilə diqqətəlayiqdir. Müraciətdə ilk dəfə olaraq dərin elmi-nəzəri təhlil əsasında XX əsr Azərbaycan tarixi dövrlərə bölünür, xalqımızın keçdiyi tarixi yolun reallıqları əks etdirilir. Fakültə professorları Y.M.Mahmudov və Q.M.Bayramov öz tədqiqatlarında bu sənəddə yaşadığımız tarixin bütün mərhələlərinə, ayrı-ayrı hadisələrinə, həmçinin xalqımızın tarixi şəxsiyyətlərinə aydın, konkret və düzgün qiymət verildiyini, Azərbaycanın 10 illik müstəqillik tarixini də geniş təhlil etdiyini göstərmişlər.  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika günü münasibətilə 1997-ci il mayın 27-də Respublika Sarayında keçirilən tədbirdəki nitqinə nəzər saldıqda Azərbaycanın XX əsr tarixinə baxışı ilə tanış oluruq. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqının nailiyyətləri və itkiləri, xüsusilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və dağılma səbəbləri, 1920-1922-ci illərdə fəaliyyət göstərmiş müstəqil Azərbaycan Sovet Sosialist Respublikasının ilk müstəqil respublikanın ənənələrini davam etdirdiyi, 1922-ci ildə SSRİ-nin yaranması ilə Azərbaycanın 70 il sovet sistemində yaşadığı və 1991-ci ildə yenidən dövlət müstəqilliyi elan etməsi, bir əsr ərzində bir neçə dəfə repressiya və soyqırıma məruz qalması, doğma torpaqlarından didərgin salınmaları barədə tarixi hadisələri xatırlayaraq gələcək nəsillərin belə təcavüzlərin qarşısının alması üçün bunları bilməsinin gərəkli olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci ildə AXC-nin 80, 2003-cü ildə isə 85 illiyinin yüksək səviyyədə keçirilməsi barədə Sərəncamlarının icrası ilə əlaqədar keçirilən konfranslarda əldə edilmiş nəticələrə əsasən «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopedi­yası»nın yazılması qərara alınmış, H.Ə.Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair arxiv sənədləri və fundamental nəşrlər çap olunmuşdur. 2003-cü ildə fəaliyyətə başlayan Ensiklopediyanın Rəyasət heyəti Tarix fakültəsində yerləşmiş və Tarix fakültəsinin elmi potensialı Respublikanın bütün elmi ictimaiyyəti birlikdə Heydər Əliyevin fərmanını yüksək səviyyədə yerinə yetirmişdir.  Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart soyqırımı, repressiyalar və digər problemlərin öz həllini gözlədiyini bildirmişdir.  31 mart hadisələrinə ilk dəfə olaraq 1998-ci ildə ümummillli­der Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Soyqırım fərmanında Prezident Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələrin torpaqların zəbti ilə müşayiət olunduğunu, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etdiyini və Azərbaycan Xalıq Cümhuriyyətinin siyasi varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etdiyini bəyan etmişdir. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı ilk rəsmi sənəd kimi böyük əhəmiyyətə malikdir. Tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verən mühüm siyasi-hüquqi sənəddə həmin tarixi faciə dövlət səviyyəsində soyqırım kimi qiymətləndirilib.  1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi-etnik torpaqlardan kütləvi surətdə deportasiyaları haqqında Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə deportasiya faktının araşdırılmadığını, bu hadisələrə hüquqi-siyasi qiymət verilmədiyi nəzərə alınaraq, deporta­siyaların hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdır.  Ümummilli lider Heydər Əliyevin tarix elmi qarşısında müəyyən etdiyi konkret tələblər, qaldırdığı problemlər elmi ictimaiyyət, xüsusilə, tarixçilər tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Bütün bunların əsasında, Azərbaycanın XIX-XX əsr tarixinin yenidən tədqiqinin proqram kimi əsas götürülməsi nəticəsində hazırda konkret problemlər üzrə elmi yeniliklər əldə edilmişdir. Rusiyanın Qafqazı və Azərbaycanı işğal etməsi, xanlıqların tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, görkəmli şəxsiyyətlərə obyektiv qiymət verilməsi üçün onların həyat və fəaliyyətlərinin yenidən tamamilə yeni yanaşma ilə, milli maraqlar əsasında və obyektiv araşdırılmışdır.  Heydər Əliyev sovet dövrü tarixinin köhnə qaydalardan, standartlardan azad edərək, 70 ildə cəmiyyətin həyatında baş verən hadisələrin əsaslandırılmış və obyektiv araşdırılmasının tədqiqatçı qarşısında mürəkkəb və çətin vəzifələr müəyyən etdiyini, xalqımızın tarixinin hər bir səhifəsinin olduğu kimi yazılmasını demişdir: «…Biz tariximizin qara tərəflərini də, ağ tərəflərini də göstərməliyik, faciəni də, nailiyyəti də, uğurları da göstərməliyik… Bizdə tarixi təhrif edənlər olubdur. Sovet hakimiyyəti qu­rulandan sonra keçmiş tariximiz təhrif edilibdir. Təəssüflər olsun ki, indi, sovet hakimiyyəti dağılandan sonra yenə də keçmişi təhrif edirlər. Bilirsiniz, o vaxtkı dövrdən ibrət götürmürlər. Siz alimlərsiniz, bunu bilirsiniz. Hesab edirəm ki, bu sözləri sizə deməyimin elə bir əhəmiyyəti yoxdur. Ancaq bu sözləri sizə deyərkən mən öz mövqeyimi bildirirəm. Mənim də mövqeyim ondan ibarətdir ki, Azərbaycan xalqı, təhsili 70 illik sovet hakimiyyəti dövründə böyük inkişaf yolu keçibdir. Xalqımız təhsillənib, yüksək təhsilə, elmə malik olubdur. Xalqımızın mədəniyyəti yüksəlib və respublikamız o vaxt da, indi də dünyəvi dövlət, ölkə kimi bütün başqa dövlətlərlə bir yerdədir.” 

Bookmark and Share