ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

FƏTƏLİYEV MƏMMƏD BÖYÜKXAN OĞLU (1938) Tarixçi

25 avqust 1938-ci ildə anadan olmuşdur. 1956-cı ildə Lənkəran pedaqoji məktəbinə daxil olmuş və 1958-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1958-1961-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1961-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1967-ci ildə BDU-nun Tarix fakültəsinin Ümumi tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1981-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2012-ci ildə professor elmi adı almışdır. 1961-1972-ci illərdə Yardımlı rayonunun Bərcan kənd orta məktəbində tarix müəllimi işləmişdir. 1973-cü ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Ümumi tarix (1979-cu ildən Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi) kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 1980-1986-cı illərdə Tarix fakültəsinin ilk partiya təşkilat katibi, 1993-2001-ci illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. “Rəşadətli əməyə görə” medalı, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Elmi fəaliyyəti əsasən “Türkiyənin Balkan siyasəti”, “Türkiyə-Yunanıstan münasibətləri və böyük dövlətlər” və “Türkiyə-Yunanıstan münasibətlərində Kipr məsələsi və böyük dövlətlər” problemləri ilə əlaqədardır. Yerli elmi nəşrlərdə dərc edilmiş 120 elmi məqalənin, 6 monoqrafiyanın, 2 dərs vəsaitinin müəllifi, “Avropa və Amerika ölkələrinin müasir tarixi (1945-2002-ci illər)” adlı dərsliyin həmmüəllifidir. Onun rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 4 elmlər namizədi hazırlanmışdır. Tarix fakültəsi Elmi Şurasının, “Tarix və onun problemləri” jurnalının Redaksiya Heyətinin üzvü, BDU-nun Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının sədr müavinidir.

Bookmark and Share