ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

FAKÜLTƏNİN DEKANLIĞI

Universitetin Tarix fakültəsi 1919-cu ildə təşkil olunmuşdur. Fəaliyyət göstərdiyi 90 il ərzində Tarix fakültəsi Respublikanın dövlət idarələri, elm, maarif və mədəniyyət sahələri üçün 10 minlərlə yüksək ixtisaslı tarixçi kadrlar hazırlamışdır. Azərbaycanın bir çox görkəmli elm, mədəniyyət və dövlət xadimləri Tarix fakültəsinin yetirmələridirlər.

 

Azərbaycanın dahi dövlət xadimi, dünya şöhrətli siyasətçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, bir sıra xarici ölkə universitetlərinin fəxri doktoru, beynəlxalq Atatürk mükafatı laureatı, Fransanın və Rusiyanın ən yüksək mükafatlarına layiq görülmüş, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Tarix fakültəsinin məzunudur.

Fakültənin ilk dekanı prof.N.A.Dubrovski (1919-1922) olmuşdur. Hazırda fakültənin dekanı dosent  Rzayev A. Ə. Fakültəni müxtəlif illərdə bitirən məzunlar arasında elmin yüksək zirvəsinə çatmış, milli kadrların hazırlanmasında xidmətləri olmuş görkəmli alimlər vardır.

Fakültənin əsas elmi-tədqiqat sahələri:

  • 1. Türk xalqlarının tarixi (qədim dövrdən müasir günümüzədək)
  • 2. Qafqaz tarixi (qədim dövrdən müasir günümüzədək)
  • 3. Avropa və Amerika ölkələrinin yeni tarixi
  • 4. Avropa və Amerika ölkələrinin müasir tarixi
  • 5. Beynəlxalq münasibətlər tarixi
  • 6. Qədim dövrlərdən orta əsrlərin sonuna qədər Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan
  • 7. Qədim Şərq və Antik tarix problemləri
  • 8. Azərbaycanın yeni və müasir tarixi problemlərinin tədqiqi
  • 9. Azərbaycan arxeologiyası və tarixin arxeologiya əsasında öyrənilməsi
  • 10. Azərbaycanlıların və dünya xalqlarının etnoqrafiyası
  • 11. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığının aktual problemləri
  • 12. Köməkçi tarix fənnləri və metodikanın aktual problemləri
  • 13. Qədim, orta əsrlər, yeni və müasir dövrlərdə slavyan ölkələri tarixinin problemləri
  • 14. Asiya və Afrika ölkələri tarixinin problemləri

Fakültədə 10 kafedra, «Arxeoloji və etnoqrafik tədqiqatlar» və «Azərbaycanın Maddi Mədəniyyəti Tarixi» bölmələrini özündə birləşdirən «Azərbaycan Demoqrafiya tarixi» Elmi-Tədqiqat Mərkəzi, Türk dünyası Araşdırmaları mərkəzi, Arxeologiya və etnoqrafiya muzeyi fəaliyyət göstərir. Təhsil azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə Azərbaycan Milli Elmlər Akademiyasının 1 müxbir üzvü (Y.M.Mahmudov), 31 elmlər doktoru professor, 61 nəfər elmlər namizədi dosent, baş müəllim, müəllim, 11 nəfər elmi işçi və 36 nəfər tədris köməkçi heyəti çalışır.
Dekanlıq, Fakültə Elmi Şurası və kafedralar fakültənin strukturunu təşkil edir. Fakültədə 10 kafedra, 1 elmi-tədqiqat mərkəzi və 1 muzey fəaliyyət göstərir. Hazırda fakültədə bakalavr və magistr pillələrində iki şöbədə tarixçi kadrlar hazırlanır. Bakalavr dərəcəsində təhsil müddəti əyani şöbədə bütün ixtisaslar üzrə 4 il, qiyabi şöbədə isə 5 ildir. Təhsil buraxılış-diplom işinin hazırlanması və müdafiəsi ilə başa çatır.
Magistraturada təhsil müddəti əyani şöbədə bütün ixtisaslar üzrə 2 il, qiyabi şöbədə isə 2,5 il olmaqla magistr dissertasiyasının hazırlanması və müdafiəsi ilə tamamlanır. Hələlik Bakı Dövlət Universitetində doktorantura pilləsinin birinci mərhələsi kimi aspirantura (əyani - 3 il, qiyabi - 4 il) pilləsi saxlanılmışdır.
Fakültədə dərslər iki növbədə aparılır.
Fakültədə əlavə təhsil forması kimi İkinci ali təhsil forması həyata keçirilir. İkinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər Universitetin müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. İkinci ali təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə ikinci ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci ali təhsil aldığı ixtisas və seçdiyi ikinci təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müdavimlər müvafiq kurslara qəbul olunur və onların təhsil müddəti müəyyənləşdirilir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Bookmark and Share