21 aprel 1960-cı ildə anadan olub. 1983-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib aspiranturaya daxil olmuş, 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya qayıtmışdır. 2010-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Professordur. 1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq Şurasının Elmi katibi, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini olmuşdur. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu York Universitetinin Dövlət İdarəçiliyi məktəbində tədqiqat aparmış, mühazirələrlə çıxış etmişdir. Bu müddət ərzində BMT-nin mərkəzi qərargahında “Elektron Hökumət” layihəsində çalışıb. Dünya Azərbaycanlılarının 1-ci qurultayinda (noyabr 2001-ci il) Dünya Azərbaycanlılarının qurultayının Koordinasiya Şurasının İdarə heyətinin üzvü seçilmişdir. Bir sıra (o cümlədən 34 xarici ölkədə keçirilmiş 90-a yaxın) beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Azərbaycanda və xaricdə nəşr olunmuş 80-yə yaxın elmi əsər və tədris-metodiki vəsaitin müəllifidir. 5 iyul 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni yaradılmış Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyin edilmişdir. AMEA Naxçıvan bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının və Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər arxivinin Elmi-Məsləhət Şurasinin üzvüdür. “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının baş redaktoru, “Mədəni həyat” və “Geostrategiya” jurnallarının redaksiya heyətinin üzvü, “SKAL İnternational Baku” ictimai birliyinin prezidentidir.