13 may 1897-ci ildə anadan olmuşdur. 1908-1918-ci illərdə Yelizavetpol kişi gimnaziyasında təhsil almışdır. 1919-cu ildə Tiflis Politexnik İnstitutunun İqtisadiyyat şöbəsinə qəbul olunmuş, lakin təhsilini başa vura bilməmiş, 1920-ci ildən sonra səfərbərliyə alınaraq Gəncə rayon məktəblərində işləməyə göndərilmişdir. Xalq maarifinin və mədəniyyətinin inkişafında fəal iştirak etmiş, 1921-1922-ci illərdə isə Gəncə rayonunun Dardoqqaz kəndində, 1922-1923-cü illərdə isə Gəncə texniki peşə məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 1923-cü ildə Bakıya gəlmiş və ali təhsilini Bakı Dövlət Universitetinin İctimai elmlər fakültəsində almışdır. 1928-1939-cu illərdə Bakıdakı 33 və 13 saylı məktəblərdə, kooperativ təhsil kombinatında, Bakı Avtomobil yolları Texnikumunda tarix, rus dili fənlərini tədris etmişdir. 1938-ci ildə aspiranturaya qəbul olmuş, 1941-ci ildə namizədlik, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1939-cu ildən ömrünün sonunadək BDU-da orta əsrlər tarixinin ən yaxşı bilicisi və bu sahədə uzun illər yeganə mütəxəssis kimi həmin fənni tədris etmişdir. Şərq ölkələrinin, eləcə də Azərbaycan tarixinin qaranlıq səhifələrinin işıqlandırılması yolunda uğurlu elmi axtarışlar aparmışdır. Fransız, ingilis, türk, ərəb, fars və rus dillərini yaxşı bilməsi ona Qərb və Şərq mənbələri əsasında Azərbaycan xalqının, eləcə də qonşu şərq ölkələri xalqlarının tarixi keçmişinə dair hərtərəfli tədqiqat aparmağa imkan verirdi. Azərbaycan dilində tarix dərsliklərinin yaradılması sahəsində də görkəmli xidmətləri olmuşdur. Akademik Ə.Sumbatzadə ilə birlikdə 1956-cı ildə “XI-XVII əsrlərdə Fransa tarixinə aid oçerklər” adlı dərsliyi, 1961-ci ildə “İngiltərə V-XV əsrlərdə”, 1966-cı ildə isə “Niderland burjua inqilabının tarixinə dair” dərs vəsaitləri nəşr etdirmişdir.